Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 15 iyun Milli Qurtuluş günü münasibətilə “Keçmişin izi ilə, bu günün gücü ilə, sabahın ümidi ilə- Zamana Baxış!” adlı tədbir keçirilib.

13 iyun 2025 | 13:33

15 iyun xalqımızın Milli Qurtuluş günüdür. Bu şanlı tarix səhifəsini yaradan Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan – Heydər Əliyevdir. 1991-ci ilin oktyabr ayında Azərbaycan yenidən öz müstəqilliyini əldə etdikdən sonra Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirirdi.Vətənin bu ağır dövründə  xalqın tələbi ilə Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Nəsimi rayonu R.Nəsirov adına 111 nömrəli tam orta məktəbdə 15 iyun Milli Qurtuluş günü münasibətilə “Keçmişin izi ilə, bu günün gücü ilə, sabahın ümidi ilə- Zamana Baxış!” adlı tədbir keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun pedaqoji kollektivi, valideynlər və gənclər iştirak edib.

Tədbir iştirakçıları öncə şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi yad edildikdən sonra Dövlət Himni səsləndirilmişdir.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısın birinci müavini Gülarə Verdiyeva bildirdi ki, çoxəsrlik dövlətçilik və müasir müstəqillik tariximizin ən taleyüklü məqamları Heydər Əliyevin adı ilə bağlıdır. Xalqların və ölkələrin tərəqqisinin əsasında şəxsiyyətlərin və onların ideyalarının dayanması hamılıqla qəbul olunan həqiqətlərdən sayılır. Heydər Əliyevin missiyası yalnız Azərbaycan dövlətinin dayaqlarının möhkəmləndirilməsi, müstəqilliyin inkişafı və dövlətçilik tariximizin müasir mərhələsinin sürəkliliyinin təmin edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməklə məhdudlaşmadı. O, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram uğrunda  səfərbər edən milli təlim –“azərbaycançılıq” ideologiyasını da yaratdı. Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətini həmişə uca tutaraq, əbədiyaşar liderimizin Vətən uğrunda həyata keçirdiyi tarixi missiyanı yüksək qiymətləndirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir.

Tədbirdə məktəbin şagirdlərinin ifalarında şerlər, mahnılar və kompazisiyalar tədbir iştirakçılarında xoş ovqat bağışladı.

Sonda xatirə şəkli çəkilib.

Keçidlər