Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib

17 oktyabr 2025 | 14:59

Nəsimi rayon İcra hakimiyyətinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə  Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Suveren Tariximizin Müstəqillik Yolu” adlı tədbir keçirilib.

Tədbir iştiakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin universitetdə ucaldılan büstü önünə əklil qoyub xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, rayon Ağsaqqallar Şurasının rəhbərliyi və məsul əməkdaşları, universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca Müstəqilliyin Bərpası Gününə  həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov xalqımızın azadlıq və suverenlik iradəsinin simvolu olan 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün Azərbaycan xalqının tarixində ən qürurlu və yadda qalan səhifələrdən biri olduğunu qeyd edərək müstəqilliyin tarixi və mənəvi əhəmiyyətindən danışıb. Dövlət müstəqilliyimizin sarsılmaz kökləri olduğunu qeyd edən rektor Rüfət Əzizov Azərbaycanın bugünkü inkişaf yolunun Ulu Öndərin Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən yüksək siyasi bacarıqla davam etdirilməsinin nəticəsi olduğunu vurğulayıb. Bu gün müstəqilliyimizin qorunması və möhkəmləndirilməsində hər bir vətəndaşın, xüsusilə də gənc nəslin böyük məsuliyyət daşıdığını deyən rektor Rüfət Əzizov ADNSU-da gənclərin milli ruhda, elmi biliklərə və müasir dünyagörüşünə malik mütəxəssislər kimi yetişməsinə böyük önəm verildiyini bildirib və hər kəsi Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Çıxış edən Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, professor, tibb elmləri doktoru, Əməkdar elm xadimi Vaqif Şadlinski Azərbaycanın müstəqillik yolunda keçdiyi tarixi mərhələlərin, həmçinin 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsinin əhəmiyyətini vurğulayıb.  Natiq çıxışında həmçinin Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizin qorunub saxlanması uğrunda apardığı qətiyyətli mübarizədən, eləcə də ölkə başçısı İlham Əliyevin bu sahədəki uğurlu siyasətindən  danışıb.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsindən 30 il sonra, Azərbaycan xalqı 2021-ci il oktyabrın 18-də bu bayramı ilk dəfə olaraq öz ərazi bütövlüyünü təmin etmiş qalib xalq kimi qeyd edib.

Natiq çıxışına davam edərək vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinin qorunması və suveren dövlət kimi formalaşmasında həlledici rol oynamışdır. Dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində ölkədə siyasi sabitlik təmin edilmiş, iqtisadi və hüquqi islahatlar həyata keçirilmiş, beynəlxalq müstəvidə Azərbaycanın nüfuzu və etibarı artmışdır. Ərazi bütövlüyü və suverenliyi tam təmin olunan müstəqil Azərbaycanımız möhtərəm prezidentimiz cənab İlham Əliyevin müdrik, uzaqgörən və qətiyyətli siyasəti nəticəsində inkişaf tarixinin yeni dövrünə qədəm qoyub.  Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf yolunu uğurla davam etdirir, Azərbaycanın müstəqilliyi və suverenliyi daha da möhkəmlənir. Tam əminliklə deyə bilərik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı tariximizə hələ neçə-neçə zəfər dolu səhifələr yazılacaqdır.

Tədbirdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində fəallığı ilə seçilən ADNSU-nun bir qrup tələbəsinə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən “Təşəkkürnamə” təqdim olunub.

Sonda ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının təqdimatında “Sarı gəlin” rəqsi nümayiş olunub.

Keçidlər