Nəsimi rayonunda “2 fevral – Gənclər günü” münasibətilə bayram tədbiri keçirilib.
2 Fevral – Gənclər günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyətində bayram tədbiri keçirildi.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ali təhsil müəssisələrinin rəhbərləri, QHT sədrləri, istehsalat, elm, mədəniyyət sahəsi və təhsil, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk olaraq Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
Tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi, Dövlət Himni səsləndirildi.
Tədbirdə çıxış edən Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Vaqif Şadlinski dəvət olunanları salamlayaraq bildirdi ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar.
Tədbirdə Nəsimi rayon Ağbirçəklər Cəmiyyətinin sədri Zərifə Quliyeva və digər çıxış edənlər ölkəmizin ictimai-siyasi həyatında gənclərin 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında göstərdiyi qəhrəmanlığı xüsusi vurğulayaraq ölkəmizin inkişafında gənclərin rolu və bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən tədbirlərdən də danışdılar.
Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, müxtəlif nominasiyalar üzrə bir qrup gənc Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən təltif olunub.
Tədbir istedadlı gənclərin iştirakı ilə konsert proqramı və çay süfrəsi ətrafında davam edib, sonda xatirə şəkilləri çəkdirilib.