Nəsimi rayonunda “2 fevral – Gənclər günü” münasibətilə “Ulu Öndər, sonsuzadək gəncliyin qəlbindədir” adlı bayram tədbiri keçirilib.
“Holliday İNN” hotelinin konfrans zalında Nəsimi rayon gənclərinin 2 Fevral – Gənclər günü münasibətilə “Ulu Öndər, sonsuzadək gəncliyin qəlbindədir” adlı bayram tədbiri keçirilmişdir. Tədbirdə rayonun Millət vəkilləri, istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra Azərbaycan Respublikasının suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov dəvət olunanları salamlayaraq bildirdi ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb.
Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Yaradılmış yeni Nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Təşkil olunan Forumlardakı Ulu Öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər isə respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir.
1996-cı il 22 iyun tarixində Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmanla elmi və mədəni tərəqqinin müstəqil Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi.
2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
Ümummilli Liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratdı və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirdi. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi. O, vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”.
“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” - Ulu Öndər Heydər Əliyevin bu fikri dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla daim aktualdır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir.
Dövlət başçısı İlham Əliyev tərəfindən ötən müddət ərzində bu istiqamətdə “Azərbaycan gəncliyi Dövlət Proqramı” , “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” , “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramıları gənclərin rifahına xidmət edən mühüm dövlət proqramlarındandır.
Bu və bir sıra digər mühüm sənədlərin qəbul olunması və uğurla həyata keçirilməsi ölkəmizdə gənclərin potensialının inkişaf etdirilməsi, onların faydalı məşğulluğunun təmin edilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir;
Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur.
Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar.
Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədi ilə Prezident İlham Əliyev tərəfindən 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə Sərəncam imzalandı. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub.
Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu.
Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır.
Gənclər siyasətində qarşıya qoyulan vəzifələrdən biri də yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılmasıdır. Gənc kadrların irəli çəkilməsi siyasəti öz müsbət nəticələrini göstərir. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.
Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.
Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Bizim rayonumuzdan da 704 gənc könüllü olaraq müharibəyə getdi, bunlardan 57-si sağlamlıqlarını itirərək qazi oldu, 20-si şəhid oldu.
Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Vətən müharibəsi dövründə bizim gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular və bütövlükdə müharibə zamanı gedən informasiya müharibəsində də biz qalib gəldik. Həm ənənəvi informasiya resurslarından istifadə edərək , eyni zamanada, sosial şəbəkələrdən istifadə edərək biz bir daha gördük ki, gənclər arasında Vətənə nə qədər böyük sevgi var. Müharibə dövründə Nəsimi rayonunda yaşayan 40.000-dən artıq gənc ayağa qalxdı və dəmir yumruq kimi birləşməyə hazır olduqlarını söylədilər. Lazım gələrsə hər birimiz döyüşə yollanmağa hazırıq dedilər.
Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatının aparıcı gücü məhz gənclərdir. Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Ölkəmizdə təxminən 20 min gənc könüllü olaraq çalışmış və indi onlar ayrı-ayrı təşkilatlarda müxtəlif vəzifələrdə işləyirlər. Könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir. Bizim rayonda da könüllülük fəaliyyəti uğurla həyata keçirilmiş və 300-dən artıq könüllü təcrübə keçmiş, onlardan bir neçəsi işlə təmin olunmuşdur.
Əziz gənclər siz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclərsiniz. Rayonumuzda 40.000-dən artıq gənc yaşayır. 6 ali təhsil müəsisəsində 36.511 tələbə, 3 orta ixtisas məktəblərində isə 1341 nəfər tələbə təhsil alır. Bizim rayon gənclər rayonudur desək yanılmarıq. Bu gün gənclərin günüdür.Mən bütün gəncləri təbrik edir, uğurlarınızın çox olmağını arzu edirəm. Biz sizlərlə fəxr edirik. Siz zəfər qazanmış xalqın xoşbəxt gəncləri və gələcəyisiniz.
Tədbirdə çıxış edən - Milli Məclisin üzvü Ziyad Səmədzadə və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski ölkədə və Nəsimi rayonunda gənclərlə bağlı görülən işlərdən danışmış, gəncləri bayram münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, ümumilikdə 8 nominasiya üzrə 43 gəncə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunmuşdur.
Tədbir istedadlı gənclərin iştirakı ilə konsert proqramı ilə başa çatmışdır.