Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 20 Yanvar faciəsinin otuz altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib.

17 yanvar 2026 | 11:31

Nəsimi rayon İcra Hakimiyyətinin, “Modern Ailə və İnkişaf” İctimai Birliyinin birgə təşkilatçlığı ilə Nəsimi rayon İcra Hakimiyyətində 20 Yanvar facəsinin otuz altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH Başçısının müavini Zahid Xəlilov, “Modern Ailə və İnkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, ziyalılar, rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvləri və faciə zamanı  əlil olmuş rayon sakinləri iştirak etmişdir.

Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Nəsimi rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH Başçısının müavini Zahid Xəlilov tədbiri giriş sözü ilə açaraq bildirdi ki, 20 Yanvar hadisəsi  xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. 20 Yanvar faciəsi müstəqillik, istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, həm də tariximizdə şərəfli bir səhifədir. 20 Yanvar faciəsi zamanı 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur.

Natiq xüsusi vurğuladı ki, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına baxmayaraq, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə 21 noyabr 1990-cı il tarixli qərarı ilə ilk siyasi qiymət vermişdir. 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilmişdir. Qeyd edildi ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı, ədalət bərqərar oldu.

“Modern Ailə və İnkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva öz çıxışında 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciənin yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən bir cinayət olduğunu bildirdi.

Daha sonra çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirdi ki, 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə acı ilə xatırlanacaq gün deyil, həm də millətimizin qəhrəmanlığını nümayiş etdirməyi bacardığı gündür. 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzi olmuşdur. Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.

Digər çıxış edənlər - AMEA fəlsəfə institutunun şöbə müdiri Rəna Mirzəzadə və Bakı Dövlət Universitetinin fizika-riyaziyyat kafedrasının professoru Adilə Abbasova bildirdilər ki, bu gün 20 Yanvar şəhidlərinin xatirəsi yalnız matəm deyil, həm də mübarizə və müstəqillik rəmzidir. Onların tökülən qanı Azərbaycan Respublikasının müstəqilliyinin bünövrəsini qoymuşdur.

Tədbirdə 20 Yanvar Cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədri Tahir Fətullayev göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya cəmiyyətin üzvləri adından minnətdarlığını bildirmişdir.

Tədbirin sonunda 20 Yanvar şəhidlərinin ailələrinə və faciə zamanı  əlil olmuş rayon sakinlərinə ərzaq bağlamaları təqdim edilib.

Keçidlər