Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş “Azadlığa gedən yol” adlı tədbir keçirilib.

19 yanvar 2025 | 11:30

Nəsimi rayonu R.Nəsirov adına 111 nömrəli tam orta məktəbdə 20 Yanvar facəsinin otuz beşinci ildönümünə həsr olunmuş “Azadlığa gedən yol”  adlı tədbir keçirilib. Tədbirdə RİH-nin məsul əmədaşları, rayonun ictimai təşkilatlarının nümayəndələri, rayonda yaşayan  20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı  əlil olmuş rayon sakinləri, Vətən müharibəsi şəhid ailələri, əlilləri və veteranları iştirak etmişdir. Əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində 20 yanvar faciəsini əks etdirən sərgi ilə tanış oldu.   Azərbaycan Respublikasının suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Tədbirdə çıxış edənlər bildirdilər ki, 20 Yanvar hadisəsi  xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi zamanı 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.

Xüsusi vurğulandı ki, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına baxmayaraq, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib.  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı, ədalət bərqərar oldu. Adları Azərbaycan tarixinə qəhrəman kimi düşən şəhidlərimiz gənclərimiz üçün ən gözəl örnəkdir.

Tədbirdə məktəb şagirdlərinin ifasında şerlər və ədəbi-bədii kompazisiyalar nümayiş etdirildi.

Tədbirin sonunda 20 Yanvar şəhidlərinin ailələrinə və faciə zamanı  əlil olmuş rayon sakinlərinə rayon İcra Hakimiyyəti tərəfindən ərzaq bağlamaları təqdim edilib.

 

Keçidlər