Nəsimi rayonunda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar tədbir keçirilib.
Nəsimi rayonunda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “adlı” tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Nəsimi Bələdiyyəsinin üzvləri, rayonun ümumtəhsil, məktəbəqədər, səhiyyə müəssisələrinin əməkdaşları və rayon gəncləri iştirak edib.
Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva açaraq bildirdi ki, bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Ölkəmiz də qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və sahilyanı zonaları Azərbaycanda iqlim dəyişikliyinə həssasdır. Bu problemə qarşı mübarizədə diqqətin artması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Digər tərəfdən dövlət başçımızın 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi bütün il ərzində bu sahədə fəaliyyətimizi genişləndirəcəyimizdən və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyindən xəbər verir.
Sərəncamda qeyd edildiyi kimi Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycan baza ili (1990) illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür. İki il əvvə lisə qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə ölkəmiz 2030-cu ilə qədər istehsal olunan elektrik enerjisinin 30%-ni bərpa olunan enerji ilə əvəz olunması ilə bağlı könüllü öhdəlik götürüb. Üç il əvvəl ölkə başçımız işğaldan azad olunmuş əraziləri yaşıl zona adlandırmış, bu ərazilərin bərpaolunan enerji potensialının reallaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. O, cümlədən bərpaolunan enerji sahəsində təcrübəli, dünyanın aparıcı şirkətləri olan Aqvapower və Masdarla sazişlər imzalanmış, günəş və külək enerjisi stansiyalarının tikilməsi ilə bağlı sənədlər təsdiq olunmuşdur. Bu il Masdar şirkətinin investisiyası ilə 230 meqavat gücündə Qaradağ günəş enerjisi stansiyası tikilərək istifadəyə verilib. Ümumiyyətlə ölkəmizin bərpaolunan enerji potensialı 200 Qiqavat olduğu dəyərləndilib. Azərbaycan dövləti bu potensialın realizə olunması istiqamətində ciddi addımlar atır və yaxın gələcəkdə bərpa olunan enerjisini və yaşıl hidrogeni Qara dənizin dibi vasitəsilə Avropaya ixrac olunmasını həyata keçirəcəkdir. Bu, həm də enerji istehsalında istifadə olunan qaza qənaet olunmasına yol açacaq və Avropaya ixrac imkanlarımızı genişləndirəcəkdir. Avropa Azərbaycandan daha çox təbii qaz aldıqca elektrik enerjisinin istehsalı üçün istifadə olunan kömürün yandırılmasını azaldacaq və atmosferə atlılan istilik effektli qazların azalmasına töhfə verəcəkdir.
2024-cü ildə COP 29 tədbirinə Azərbaycanın ev sahibliyi təsdiq edilib. Dünya birliyinin bir daha Azərbaycanı bu mötəbər tədbirdə dəstəkləməsinin əsasında ölkəmizin qazandığı nüfuzu və etibarlı tərəfdaş kimi özünü təsdiq etməsi dayanır. Azərbaycan həm bərpaolunan enerji yaradır, həm də sürətlə yaşıllaşdırma işlərini davam etdirir. Cari ilin noyabrında ölkəmizdə keçiriləcək COP 29 beynəlxalq konfransda Azərbaycan iqlim dəyikliklərinə verdiyi töhfələrini əyani şəkildə dünya ictimaiyyətinə çatdıracaq və bütün dünyanı bu qlobal çağırışa həmrəylik göstərilməsində birləşdirəcəkdir. Eyni zamanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmiz COP29-da əhəmiyyətli qəraraların qəbul olunmasına təşəbbüs nümayiş etdirməklə yenə də özünün dünya liderliyini bir daha təsdiq edəcəkdir.
Tədbirdə Nəsimi Bələdiyyəsinin sədri Əziz Zeynalov çıxış edərək ölkə başçısının imzaladığı sərəncamın icrası ilə bağlı Nəsimi Bələdiyyəsində tədbirlər planının hazırlandığını bildirmiş və il ərzində tədbirlər planının icrasının təmin olunacağını qeyd etdi.
Nəsimi rayon gənci Azər Quliyev bu sərəncamın ölkəmizə böyük tövhələrin veriləcəyindən danışdı.
Tədbirdə digər çıxış edənlər sərəncamın icrası ilə əlaqədar yerlərdə bu yöndə tədbirlərin keçirilməsinin vacibliyini vurğulamışlar.
Tədbirin sonunda iştirakçılara təkliflər və qarşıda duran məsələr barədə tövsiyyələr verilib.