Nəsimi rayonunda 2025-ci ilin yekunları geniş müzakirə olundu.
Nəsimi rayon İcra Hakimiyyətində rayonun 2025-ci ilinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Zahid Xəlilov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev, Millət vəkilləri Məlahət İbrahimqızı və Ziyad Səmədzadə, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, RİH başçısının 1-ci müavini Gülarə Verdiyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHBA-nın əməkdaşları, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, bələdiyyə və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Hesabat tədbirini giriş nitqi ilə açan rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Zahid Xəlilov qeyd etdi ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan 2025-ci ildə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində inamla irəliləmiş, dövlətimizin və xalqımızın əmin-amanlığı, tərəqqisi təmin edilmişdir.
Sonra 2025-ci ilin yekunlarına həsr edilmiş videoçarx nümayiş olunmuşdur.
Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Zahid Xəlilov 2025-ci ildə rayonun sosial-iqtisadi inkişafına dair hesabat məruzəsi ilə çıxış edərək bildirdi ki, “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı və rəşadətli ordumuz tarixi Zəfər zirvəsini fəth edərək, onilliklər boyu xalqımıza qarşı yürüdülən ədalətsiz siyasətə son qoydu, birlik, qəhrəmanlıq və sarsılmaz dövlət iradəsinin nümunəsini bütün dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycan regional çərçivələri aşaraq qlobal miqyasda söz sahibi olan, prinsipial mövqeyi, ədalətə söykənən siyasəti və ardıcıl inkişaf modeli ilə seçilən bir dövlətə çevrilib. Məhz bu möhkəm təməl üzərində qurulan müasir Azərbaycan gələcək nəsillər üçün güclü, müstəqil, sabit və ədalətli dövlət mirası formalaşdırır və bu yol ölkə başçısının qətiyyətli liderliyi ilə inamla davam etdirilir”.
Qeyd olundu ki, “ölkəmizin tarixinə “Konstitusiya və Suverenlik İli” kimi yazılan 2025-ci ildə respublikamızda olduğu kimi paytaxtımızın mərkəzi rayonlarından olan Nəsimi rayonunda da mühüm uğurlar və nailiyyətlər, rayonun sosial-iqtisadi inkişafında irəliləyişlər əldə olunmuş və vətəndaşların rifahı təmin edilmişdir. Ayrı-ayrı sahələrdə quruculuq işləri davam etdirilmiş, yeni-yeni yaşayış binaları, sosial-mədəni obyektlər inşa edilmiş, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün bir sıra məhəllələr əsaslı təmir edilərək istifadəyə verilmiş, yeni yaşıllıq zolaqları salınmış, ekoloji tarazlığın qorunması istiqamətində müvafiq addımlar atılmışdır.
Rayon üzrə iqtisadiyyatın bütün sahələrində mövcud olan artım dinamikası saxlanılmış, əvvəlki il ilə müqayisədə 3,4 faiz çox sənaye məhsulu istehsal edilmiş, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilən xidmətlər 2,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 4,7 faiz, pərakəndə ticarət şəbəkəsindən əhaliyə əmtəə satışı 7,1 faiz artmışdır”. Hesabat məruzəsində həlli vacib mövcud problemlər, cari il üçün qarşıda duran vəzifələr iştirakçıların diqqətinə çatdırılmışdır.
Millət vəkilləri Məlahət İbrahimqızı, Ziyad Səmədzadə və Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və digər natiqlər çıxışlarında ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycanın qlobal miqyasda söz sahibi olmasını xüsusi qeyd etdilər, Nəsimi rayonunda görülmüş işləri yüksək qiymətləndirərək, həlli vacib məsələləri nəzərə çatdırdılar.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində 2025-ci ildə də bütün sahələrdə yüksək nailiyyətlər əldə olunduğunu, o cümlədən beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqelərinin daha da möhkəmləndiyini vurğulayaraq, Nəsimi rayonunda qarşıda duran vəzifələri qeyd etdi və 2026-cı ildə Nəsimi rayon ictimaiyyətinə uğurlar arzuladı.
Müzakirələrdən sonra cari ilin konkret hədəflərini əks etdirən qərar qəbul olundu. Toplantı iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstədiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq, Nəsimi rayon ictimaiyyətinin quruculuq əzmi ifadə olundu.






