Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ərəfəsində maarifləndirici tədbir keçirilib.

24 iyun 2026 | 16:30

Nəsimi rayonunda  “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası”nın, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövrüyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Daimi fəaliyyət göstərən işçi qrupunun, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Bakı şəhər Narkoloji Mərkəzinin, rayon Polis İdarəsinin, Nəsimi Bələdiyyəsinin məsul əməkdaşlarının, rayon ərazisində fəaliyyət göstərən QHT-lərin nümayəndələrinin, tam orta məktəbdə təhsil alan yuxarı sinif şagirdlərinin iştirakı ilə Abdulla Rəhimov adına 247 nömrəli tam orta ümumtəhsil məktəbdə 26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ərəfəsində maarifləndirici tədbir keçirilib.  

Tədbirdən öncə iştirakçılar məktəbin foyesində nümayiş olunan şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.

Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə” üzrə rayon komissiyasının sədri Zahid Xəlilov bildirdi ki, narkomanlıq bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Müasir dövrdə narkomaniya sərhəd tanımayan beynəlxalq problemə çevrilib. Narkomaniya ilə mübarizə ümumbəşəri problem olmaqla cəmiyyətin hər bir üzvünü narahat edən məsələdir. Narkomaniyanın miqyasının genişlənməsi dünya dövlətlərini daha sərt addımlar atmağa məcbur edir. Odur ki, BMT tərəfindən 26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan olunub. Narkomanlığa və Narkobiznesə qarşı ölkəmizdə də qətiyyətli addımlar atılır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

Çıxışını davam edən natiq bildirdi ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin mərkəzində insan amili dayandığından vətəndaşların sağlamlıqlarının qorunması prioritet istiqamətlərdən biri idi. Odur ki, Ümummilli lider Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Bundan sonra həmin Fərman əsasında 2000-ci ilə qədər olan dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlandı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı. 1999-cu il iyunun 18-də Milli Məclis tərəfindən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" qanun qəbul olundu. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar Dövlət Proqramları qəbul edilərək icra edilmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il 17 sentyabr tarixli 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası uğurla həyata keçirilir.

Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövrüyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Daimi fəaliyyət göstərən işçi qrupunun məsul əməkdaşı Vasif Quliyev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin baş məsləhətçisi, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc Rəsulova, Bakı şəhər Narkoloji Mərkəzinin psixoloqu Günay Babayeva, rayon Polis İdarəsinin YYC-la iş bölməsinin inspektoru, polis mayoru Yeganə Zeynalova və Abdulla Rəhimov adına 247 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Sitarə Abbasova çıxış edərək narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyini vurğulamışlar.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər