Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Ümumdünya Mübarizə Günü münasibəti ilə maarifləndirici tədbir keçirilib.

22 iyun 2023 | 10:30

Nəsimi rayonunda  “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası” üzvlərinin, rayon Polis İdarəsinin məsul əməkdaşlarının, rayon Gənclər və İdman İdarəsinin, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin məsul əməkdaşlarının, rayon ərazisində fəaliyyət göstərən QHT-lərin nümayəndələrinin, rayonun tam orta məktəblərində fəaliyyət göstərən psixoloqların və təhsil alan yuxarı sinif şagirdlərinin iştirakı ilə general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə 26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Ümumdünya Mübarizə Günü münasibəti ilə maarifləndirici tədbir keçirilib.  

Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov bildirdi ki, narkomanlıq bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Müasir dövrdə narkomaniya sərhəd tanımayan beynəlxalq problemə çevrilib. Narkomaniya ilə mübarizə ümumbəşəri problem olmaqla cəmiyyətin hər bir üzvünü narahat edən məsələdir. Narkomaniyanın miqyasının genişlənməsi dünya dövlətlərini daha sərt addımlar atmağa məcbur edir. Odur ki, BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Bəyannaməsinə əsasən, dünya əhalisi 26 iyun tarixini- Narkomaniya və Narkobiznesə qarşı Ümumdünya Mübarizə Günü kimi qeyd edir. Narkomanlığa və Narkobiznesə qarşı ölkəmizdə də qətiyyətli addımlar atılır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

Çıxışını davam edən natiq bildirdi ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin mərkəzində insan amili dayandığından vətəndaşların sağlamlıqlarının qorunması prioritet istiqamətlərdən biri idi. Odur ki, Ümummilli lider Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Bundan sonra həmin Fərman əsasında 2000-ci ilə qədər olan dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlandı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı. 1999-cu il iyunun 18-də Milli Məclis tərəfindən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" qanun qəbul olundu. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar 2000-2006-cı illər, 2007-2012-ci illər, 2013-2018-ci illəri əhatə edən Dövlət Proqramları icra edilmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası uğurla həyata keçirilir.

Tədbirdə Nəsimi rayon Polis İdarəsinin YYC-la iş bölməsinin baş inspektoru polis mayoru Yeganə Zeynalova, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkimi Ülkər Camalova, “Narkotizmlə mübarizə” İB-nin sədri Kənan Qubadzadə və general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbin direktoru Aytən Baxşəliyeva çıxış edərək bildirdilər ki, narkomaniya cəmiyyətimizə və bəşəriyyətə ciddi fəsadlar vurur. Həmçinin tədbirdə narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi vurğulanmışdır.

Tədbirin sonunda iştirakçılara narkomaniyanın fəsadlarını göstərən video çarx nümayiş olunmuşdur.

Keçidlər