Nəsimi rayonunda 3 dekabr-Beynəlxalq Əlillər günü ilə əlaqədar “Xoşbəxt olsun uşaqlar!” adlı tədbir keçirilib.
1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasında “Xoşbəxt olsun uşaqlar!” adlı ədəbi-bədii proqram və satış-sərgisi keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hkimiyyətinin, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşları, və sağlamlıq imkanları məhdud olan uşaqlar, valideynlər iştirak edib.
Tədbiri giriş sözü ilə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva açaraq qonaqları salamladı və tədbirin əhəmiyyəti barədə məlumat verdi.
Nəsimi rayon İcra hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkədə əlilliyi olan şəxslərin hüquqlarının qorunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çoxsaylı layihələr həyata keçirir. Onun rəhbərlik etdiyi fond bu sahədə bir çox təşəbbüslər irəli sürüb və sosial layihələr həyata keçirib. Əlilliyi olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün evlərin tikilməsi və təmir edilməsi, müasir reabilitasiya mərkəzlərinin yaradılması və mövcud mərkəzlərin təkmilləşdirilməsi,əlilliyi olan şəxslər üçün tibbi avadanlıqların (məsələn, protezlər, eşitmə cihazları) təmin edilməsi, reabilitasiya proqramlarının genişləndirilməsi və fiziki məhdudiyyətlərin aradan qaldırılması üşün bu gündə sosial layihələr davam etdirilir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün məktəblərin və tədris müəssisələrinin açılması, əlilliyi olan şəxslərin peşə təhsilinə cəlb olunması və onların cəmiyyətə inteqrasiyası, əlilliyi olan şəxslər üçün mədəni və idman layihələrinin dəstəklənməsi, onların beynəlxalq yarışlarda və tədbirlərdə iştirakının təşviqi hər zaman dövlətimiz tərəfindən diqqətdə saxlanılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri nəticəsində Azərbaycanın əlillik siyasəti daha da təkmilləşib, bu sahədə cəmiyyətin diqqəti artırılıb və humanitar yanaşma gücləndirilib. Onun fəaliyyəti bu sahədə nümunəvi bir təcrübə kimi beynəlxalq aləmə təqdim olunur. Çıxış edən natiq xüsusi vurğuladı ki, fiziki qüsurlu uşaqlar üçün təşkil edilən satış yarmarkaları, onların istedadlarını, bacarıqlarını nümayiş etdirmək məqsədi daşıyır. Bu cür tədbirlər adətən uşaqların əl işlərinin, rəsmlərinin, suvenirlərinin və digər yaradıcılıq məhsullarının satışını təmin edir. Belə yarmarkaların məqsədləri, uşaqların yaradıcılığını dəstəkləmək, fiziki qüsurlu uşaqların yaradıcı potensialını cəmiyyətə tanıtmaq, onların özlərinə inamını artırmaq və uğur qazanmaq üçün motivasiya yaratmaqdır. Bu cür maarifləndirici tədbirlər cəmiyyətin diqqətini çəkməyi, fiziki qüsurlu uşaqların hüquqları və problemləri barədə ictimai məlumatlandırmanı artırmağa,onların cəmiyyətə inteqrasiyasını təşviq etməyə, inklüzivlik və dəstək mühiti yaratmağa, uşaqların cəmiyyətin tamhüquqlu üzvləri kimi qəbul olunmasını təmin etməsinə, onların sosial və emosional dəstək almasını təmin edilməsinə xidmət edir. Azərbaycanda Heydər Əliyev Fondu və digər sosial təşkilatlar daima belə tədbirlər təşkil edir. Həmçinin, məktəblər və mərkəzlər də bu cür yarmarkaları dəstəkləyir. Uşaqların əl işləri, məsələn, toxuculuq, rəsm, keramika və bəzək əşyaları bu yarmarkalarda nümayiş etdirilir. Belə yarmarkalar həm uşaqların, həm də valideynlərinin həyatına müsbət təsir göstərərək onların gündəlik həyatına sevinc qatır. Bu tədbirlərdə bizlərdə iştirak edərək onlara öz dəstəyimizi göstərə bilərik.
Azərbaycan Respublikası Prezidentinin “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 2306 nömrəli 27 noyabr 2020-ci il tarixli Sərəncamının “Baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası, xüsusilə onların peşə təhsilinə yönləndirilməsi ilə bağlı tədbirlər görülməsi” barədə 5.3.12-ci yarımbəndə uyğun olaraq sonda sağlam və sağlamlıq imkanları məhdud dərnək üzvləri tərəfindən bədii hissə nümayiş etdirilmiş, onların əl işlərindən ibarət satış-sərgisi təşkil olunmuşdur.