Nəsimi rayonunda 3 dekabr Əlillər günü münasibəti ilə tədbir keçirilib.
Əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrinin biri olduğundan onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Onların çoxunun maddi və ya hər hansı digər yardımdan çox adi mənəvi yardıma ehtiyacı vardır. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 Dekabr - Beynəlxalq Əlillər günü Ümummilli Liderimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı göz qabağındadır. Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunmuş, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır. Dövlət səviyyəsində əlil vətəndaşlara olan qayğı ölkəmizin bütün guşələrində də öz əksini tapmaqdadır.
3 dekabr – Beynəlxalq Əlillər günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yerləşən “Olimpik Star” idman və əyləncə mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirilmişdir.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və Nəsimi rayonunda yerləşən 268 nömrəli Xüsusi məktəbin şagirdləri iştirak ediblər.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirdi ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən bütün dünyada keçirilən Beynəlxalq Əlillər Günü Ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə 1994-cü ildən Azərbaycanda da qeyd edilir. Ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi əlillər də daim dövlətin qayğısı ilə əhatə olunmuş və onların bütün problemlərinin həlli həmişə diqqət mərkəzində saxlanılır. Əlillərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşaması üçün zəruri tədbirlər həyata keçirilir. Xüsusi qayğıya ehtiyacı olan bütün vətəndaşlar kimi, əlillərin də rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir.
Tədbirdə Nəsimi rayonu ərazisində yerləşən 268 saylı Xüsusi məktəbdə təhsil alan uşaqlara nahar süfrəsi açılmış və hədiyyələr verilmişdir. Gün ərzində uşaqlar mərkəzdə olan müxtəlif oyun elementlərindən istifadə edərək şənlənmişlər.
Tədbirin sonunda xatirə şəkili çəkilib.