Nəsimi rayonunda “8 noyabr - Zəfər Günü” nünə həsr olunmuş “Yolumuz Qarabağadır” adlı tədbir keçirilib.
Nəsimi rayon İcra Hakimiyyətinin və “5 nömrəli Uşaq–Gənclər İnkişaf Mərkəzi“ publik hüquqi şəxsin təşkilatçılığı ilə 8 noyabr “Zəfər Günü”nə həsr olunmuş “Yolumuz Qarabağadır” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin məktəbdənkənar sektorun baş məsləhətçisi Maral Salmanova, Nəsimi rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva, Əməkdar təhsil işçiləri, I və II Vətən müharibəsi iştirakçıları və rayonun təhsil müəssisələrinin hərbi rəhbərləri iştirak ediblər.
Tədbir işğaldan azad olmuş bölgələrin tarixinin milli, tarixi və mədəni abidələrinin öyrənilməsinə həsr olunub.
Əvvəlcə qonaqlar Mərkəzin foyesində “Təsviri incəsənət studiyası”, “Bacarıqlı əllər” dərnək üzvlərinin əl işləri və rəsmlərdən ibarət sərgi ilə tanış olublar.
Tədbidə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının birinci müavini çıxış edərək bildirdi ki, Azərbaycan düşməni məhz özünün güclü Ordusu ilə cəzalandırdı və torpaqlarını işğaldan azad etdi. Vətən müharibəsində şanlı qələbəmiz asanlıqla əldə olunmayıb. Torpaqlarımızı geri qaytarmaq fikrində olmayan məkrli düşmən onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu. İşğalçılar elə düşünürdülər ki, Azərbaycan Ordusu bu istehkamları heç vaxt keçə bilməyəcək. Bundan başqa, ərazinin dağlıq relyefi də çətinliklər yaradan amil idi. Ermənistanın hərbi birləşmələri işğal etdikləri ərazilərimizdə yerləşən yüksəkliklərdə mövqe qurmuşdular. Bu yüksəkliklərdən isə ətrafdakı bütün ərazilər aydın görünürdü. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu 44 gün ərzində düşməni diz çökdürdü, onun belini qırdı və təslim olmağa məcbur etdi. Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Vətən müharibəsində qazanılan şanlı Qələbəmizi dəyərləndirən Prezident İlham Əliyev “Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”, - deyə vurğulayıb. Azərbaycanın, Rusiyanın prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları Bəyanat qalib Azərbaycanın şərtləri əsasında formalaşdırılıb. İşğalçı Ermənistan həmin Bəyanatla üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza döyüşsüz təslim etdi. Beləliklə, qüdrətli Azərbaycan tarixi ədaləti və özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etməyə nail oldu.
Sonra digər qonaqlar tədbirin əhəmiyyəti barədə çıxışlar ediblər.
Tədbirdə mərkəzin dərnək üzvlərinin ifasında təqdimatlar, şeirlər, mahnı və rəqslər ifa olundu.