Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

03 noyabr 2026 | 11:09

Nəsimi rayonu A. Rəhimov adına 247 nömrəli tam orta ümumtəhsil məktəbində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri, şəhid ailələrinin üzvləri, qazilər, məktəbin pedaqoji kollektivinin üzvləri, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İştirakçılar əvvəlcə məktəbin foyesində Zəfər Gününə həsr olunmuş rəsm sərgisi və şagirdlərin əl işlərindən ibarət ekspozisiya ilə tanış olublar. Vətənə məhəbbət, milli qürur və qəhrəmanlıq ruhunu əks etdirən rəsm əsərləri və əl işləri qonaqlar tərəfindən maraqla qarşılanıb.

Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Məktəblilərin təqdimatında Zəfər Gününə həsr olunmuş bədii proqram nümayiş etdirilib. Proqram çərçivəsində Vətən müharibəsinin tarixi əhəmiyyətini əks etdirən videoçarx göstərilib, şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər, ədəbi-bədii kompozisiyalar və musiqi nömrələri səsləndirilib. Təqdim olunan nümunələr xalqımızın qəhrəmanlıq salnaməsini, şəhidlərimizin müqəddəs amalını və Azərbaycan Ordusunun şanlı Zəfər yolunu özündə tərənnüm edib.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixində müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, bu möhtəşəm Qələbə xalqımızın milli birliyinin, Azərbaycan Ordusunun qəhrəmanlığının, dövlətimizin gücünün və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyinin parlaq təcəssümüdür.

Verdiyeva Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərdiyi diqqət və qayğını, humanitar təşəbbüslərin həyata keçirilməsi və işğaldan azad edilmiş ərazilərdə tarixi-mədəni irsimizin bərpası istiqamətindəki fəaliyyətini xüsusi vurğulayıb. Bildirilib ki, bu çoxşaxəli sosial və humanitar layihələr xalqımızın mənəvi birliyinin möhkəmlənməsinə, şəhidlərimizin xatirəsinin yaşadılmasına və milli dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.

Tədbirdə çıxış edən digər natiqlər Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətindən, Azərbaycan Ordusunun şücaətindən bəhs edərək şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısının prioritet istiqamətlərdən biri olduğunu, Zəfər Gününün qeyd edilməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından böyük önəm daşıdığını qeyd ediblər.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Keçidlər