Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 9 noyabr "Dövlət Bayrağı Günü"nə həsr edilmiş tədbir keçirilib.

09 noyabr 2023 | 09:14

9 noyabr – Dövlət Bayrağı Günü xalqımızın həyatında əlamətdar və müqəddəs bir gündür. Hər il olduğu kimi bu il də Bayraq Günü xüsusi qeyd edilir. Nəsimi rayon məktəblərində  bu günlə bağlı tədbirlər keçirilib.

Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. 

Tədbirdə qeyd olunmuşdur ki, Bayrağımız tarixin keşməkeşli yollarından keçib, illərin sınağından çıxıb, müstəqillik uğrunda gedən mücadilələrdə şəhid olmuş minlərlə oğul və qızlarımızın qanına boyanıb. Ona görə də hər bir azərbaycanlı üçün bu bayraq həm də müqəddəsdir.

Müqəddəs rəmzlərimizdən olan bayraq xalqımızın, millətimizin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Odur ki, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur. Azərbaycanlı milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərmiş, milli bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılmışdır.

Azərbaycan öz müstəqilliyini asanlıqla əldə etməyib. Bu bayrağın dalğalanması üçün nə qədər qanlar tökülüb, nə qədər insanlar şəhid olub. Hər bir Azərbaycan vətəndaşı üçün bayraq qürur mənbəyi olmalıdır. Bu gün Azərbaycan bayrağı dünyanın ən mötəbər kürsülərində ucalır. Bu bayrağı hər zaman uca tutmaq hər bir azərbaycanlının borcudur.

Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra dövlət bayrağımız da milli suverenliyin simvolu kimi təsdiq olunmuş, Azərbaycan Respublikasının dövlət bayrağı haqqında çoxsaylı normativ hüquqi aktlar qəbul edilmişdir. Ulu Öndərimizin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilmişdir. “Azərbaycanın bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”, – deyən görkəmli dövlət xadimi Heydər Əliyevin 1998-ci il 13 mart tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamı dövlət atributlarının, o cümlədən bayrağımızın təbliği baxımından mühüm əhəmiyyət daşıyır.Ulu Öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev də Azərbaycanın milli dövlət atributlarını daim uca tutur. Azərbaycan Prezidentinin milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə göstərir.

Sonra bayram tədbiri məktəblilərin ifasında Azərbaycan bayrağına həsr olunmuş səhnəciklər, şeirlər, mahnılarla davam etdirilib. 

Keçidlər