Nəsimi rayonunda “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur” adlı Ağsaqqallar Şurasının geniş tərkibdə hesabat yığıncağı keçirildi.
Yığıncaqda Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Respublika Ağsaqqallar Şurasının sədri, Milli məclisin deputatı Eldar Quliyev, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, rayon Ağsaqqallar Şurasının üzvləri , rayon ictimaiyyəti nümayəndələri və gənclər iştirak ediblər.
Yığıncaqdan öncə Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüldü.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Yığıncağı rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski açaraq, tədbir iştirakçılarını salamladı. Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinskinin hesabatı dinlənildi, Şuranın gördüyü işlər videoçarx vasitəsilə yığıncaq iştirakçılarının diqqətinə çatdırıldı. Hesabat məruzəsi ətrafında şura üzvləri çıxış edərək, Şuranın bir illik fəaliyyətini qənaətbəxş hesab etdilər.
Yığıncaqda Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev çıxış edərək, ağsaqqal hərakatının tarixindən, respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından danışdı. O, ölkəmizdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhalinin, xüsusilə də gənclər arasında maarifləndirmə işinin aparılmasının zəruriliyini və rayonun ictimai-siyasi həyatında ağsaqqalların yaxından iştirakını qeyd etdi.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək, ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışdı. Xüsusi vurğuladı ki, Azərbaycan xalqı bu il özünün dahi lideri və xilaskar oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük təntənə ilə qeyd edir. Bu münasibətlə Ölkə Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması bu il xalqımızın və dövlətimizin tarixində xüsusi bir önəm vermiş oldu.
Azərbaycanın son iyirmi ildə qazandığı misilsiz nailiyyətlər birmənalı olaraq, möhtərəm Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin bariz nümunəsidir. Cənab İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Komandanıdır. Bu günlərdə dövlət başçısı kimi fəaliyyətinin 20-ci ildönümü tamam olan cənab İlham Əliyevin tarixi missiyanın ən parlaq məqamlarından biri Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun tam təmin olunması idi. Qeyd olundu ki, Azərbaycanda bütün sahələr üzrə davamlı inkişaf gedir. Ölkəmizdə istər elm, istər təhsil, istər mədəniyyət istərsə də ziyalılıq möhtərəm Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 ildə özünəməxsus şərəfli yol keçmişdir.
RİH başçısı qeyd etdi ki, Şanlı ordumuz 44 günlük müharibədən sonra da Ermənistan silahlı qüvvələrinin hər bir təxribatının qarşısını qətiyyətlə almış, antiterror tədbirləri zamanı hərbçilərimiz həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər nümayiş etdirmişdir. Qeyd olundu ki, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq 23 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenlik tam bərpa olundu.
Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ surətdə həll olunması daim rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.
Yığıncağın gündəliyinə əsasən rayon Ağsaqqallar Şurasının idarə heyətinin yeni tərkibi, şura sədri və sədr müavinin səsverməsi keçirildi. Vaqif Şadlinski yenidən rayon Ağsaqqallar Şurasının sədri, Xalid Kərimov sədrin birinci müavini və İmamverdi Həmidov isə müavin seçilmişlər.
Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski göstərilən etimada görə minnətdarlığını bildirdi, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini söylədi.
Yığıncaqda rayonun ictimai-siyasi həyatında fəal iştiraka görə bir qrup şəxsə təşəkkürnamə və hədiyyələr təqdim olundu.