Nəsimi rayonunda Ahıllar Günü münasibətilə görüş keçirilib
Ahıllar Günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyətinin və Nəsimi Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə rayonun ictimai həyatında uzun illər ərzində fəal iştirak edən, öz zəngin həyat təcrübəsi və müdrik məsləhətləri ilə gənc nəslin tərbiyəsinə töhfə verən ağsaqqallarla görüş keçirilib.
Görüşdə ağsaqqalların sosial vəziyyəti və ehtiyacları ilə maraqlanılıb, onların müraciət və təklifləri dinlənilib.
Qeyd olunub ki, yaşlı nəslə qayğı göstərilməsi, onların sosial rifahının və sağlamlığının qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyev hər zaman ağsaqqalların cəmiyyətdəki rolunu yüksək qiymətləndirib, onların həyat təcrübəsini və müdrikliyini mühüm mənəvi sərvət kimi dəyərləndirib.
Bu ənənə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlət başçısının diqqət və qayğısı nəticəsində yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının yaxşılaşdırılması və cəmiyyətdə fəal iştirakının təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Görüşdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da yaşlı nəslin nümayəndələrinə, xüsusilə onların sosial və sağlamlıq məsələlərinə göstərdiyi diqqət və qayğı yüksək qiymətləndirilmişdir.
Vurğulanıb ki, ağsaqqallarımız xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, adət-ənənələrimizin yaşadılmasında və gənc nəslə ötürülməsində mühüm rol oynayırlar. Onların həyat yolu, zəngin təcrübəsi və tövsiyələri gənclər üçün qiymətli örnəkdir.
Görüş səmimi söhbət və qarşılıqlı fikir mübadiləsi şəraitində keçib. Ağsaqqallar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək dövlətimizin həyata keçirdiyi sosial siyasəti və onlara göstərilən qayğını yüksək qiymətləndiriblər.
Ahıllar günü ərəfəsində üç gün ərzində ağsaqqalların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə həkim müayinələri təşkil olunub. Müayinələr zamanı onların səhhəti ilə bağlı müraciətləri dinlənilib, tibbi tövsiyələr verilib. Müalicəyə ehtiyacı olan ağsaqqallara müvafiq tibbi dəstəyin göstərilməsi və müalicə prosesinin təşkilinə köməklik göstərilməsi istiqamətində müvafiq işlər davam etdirilir.






