Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib.

26 sentyabr 2025 | 15:00

Tədbirdə rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, ictimai təşkilatların rəhbərləri, rayondan seçilmiş millət vəkilləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən müharibəsi qaziləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Zəfər bağında yerləşən xatirə kompleksinin önünə əklil və gül-çiçək dəstələri qoyaraq, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin xatirəsinə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.

Sonra 27 Sentyabr - Anım günü münasibətilə şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb.

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və  Torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH Başçısının müavini  Zahid Xəlilov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik, uzaqgörən və qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycan bu gün regionun ən güclü, ən nüfuzlu dövlətinə çevrilib.

Natiq çıxışına davam edərək qeyd etdi ki, Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.

Tədbirdə Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski çıxış edərək bildirdi ki, 2020-ci ilin 27 sentyabrı Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan Vətən müharibəsi xalqımızın həmrəyliyinin, əsgər və zabitlərimizin rəşadətinin, dövlət-xalq birliyinin parlaq nümunəsinə çevrildi.

Bu gün Azərbaycan qalib dövlət olaraq regionda yeni reallıqlar formalaşdırıb. ABŞ-də baş tutmuş tarixi görüşdə Prezident cənab İlham Əliyevin diplomatik məharəti və qətiyyətli mövqeyi sayəsində sülh prosesində mühüm irəliləyiş əldə olundu. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi bir daha təsdiq olundu. Bu da göstərir ki, müharibəni sona çatdıran, işğalı aradan qaldıran Azərbaycan uzunmüddətli sülhün təminatçısı kimi öz sözünü deyir.

27 sentyabr - Anım Günü xalqımızın yaddaşında həm kədər, həm də qürur günü kimi qalacaq. Kədər Vətən uğrunda canından keçənlərin itkisi, qürur isə dövlətimizin, ordumuzun, xalqımızın birlik və iradəsi ilə əldə olunan möhtəşəm Qələbədir.

Natiq çıxışında şəhidlərin əziz xatirəsinin hər zaman uca tutulduğunu, onların fədakarlığının gələcək nəsillərə örnək olduğunu vurğuladı.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Qələbəni yüksək dəyərləndirərək bildirdi ki, bu Qələbə dövlətimizin qüdrətinin, xalqımızın sarsılmaz birliyinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyinin nəticəsidir.

Digər çıxış edənlər, Şəhid ailələrinin üzvləri və qazilər göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Sonda şəhid ailələri və qazilərlə xatirə şəkili çəkdirilib.

 

Keçidlər