Nəsimi rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Oktyabrın 15-də Nəsimi rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski, rayon ərazisində yerləşən ali təhsil müəssisələrinin, rayonun hüquq-mühafizə orqanlarının, rayon ərazisində fəaliyyət göstərən tam orta ümumtəhsil məktəblərinin, səhiyyə müəssisələrinin, idarə və xidmət sahələrinin, özəl subyektlərin rəhbərləri, ictimai birliklərin, gənclərin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Müşavirədən öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Sonra Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi mühüm fikirləri və qarşıda duran vəzifələri əks etdirən videoçarx nümayiş olunub.
Müşavirədə Tahir Budaqov geniş məruzə ilə çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər və müəyyən edilən strateji hədəflər ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi üçün bütün sahələrdə məqsədyönlü fəaliyyət gücləndirilməli, dövlətçilik ideologiyasının təbliğinə, milli-mənəvi dəyərlərin qorunmasına və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilməlidir. Məruzədə Azərbaycanın ərazi bütövlüyünün və mütləq suverenliyinin təmin edilməsi ilə nəticələnən tarixi Zəfərin əhəmiyyəti, ordu quruculuğunun daha da möhkəmləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, ölkə iqtisadiyyatının gücləndirilməsi, sahibkarlığın inkişafı və əhalinin rifahının yüksəldilməsi istiqamətində qarşıda duran vəzifələr diqqətə çatdırılıb.
Tahir Budaqov bildirib ki, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısının yerlərdə həyata keçirilməsi, sosial müdafiə tədbirlərinin gücləndirilməsi və müasir idarəetmə prinsiplərinin tətbiqi üçün hər bir sahənin nümayəndəsi üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməli, ölkəmizin davamlı inkişafına öz töhvəsini verməlidir.
Rayon Ağsaqqallar Şurasının sədri, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Vaqif Şadlinski çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin siyasi irsindən və partiyanın bu günədək keçdiyi inkişaf yolundan danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurları vurğulayaraq milli birliyin, dövlətçilik ənənələrinin və siyasi varisliyin qorunmasının əhəmiyyətini qeyd edib.
Digər çıxışçılar – 54 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Pərvin Ağasıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsinin rəisi, polkovnik-leytenant Ceyhun Əliyev, “Korona Premium” mebel fabrikinin direktoru Qabil Qasımov, Şəhid yoldaşı, əməkdar müəllim, 5 nömrəli tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi Gülnarə Abdullayeva, Vətən müharibəsi iştirakçısı Şəhriyar Qasımov və 5 nömrəli Şəhər Poliklinikasının baş həkimi Günel Məmmədova təmsil etdikləri sahələr üzrə qarşıda duran vəzifələrdən danışıblar. Çıxışlarda təhsilin keyfiyyətinin yüksəldilməsi, səhiyyə xidmətlərinin təkmilləşdirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, ordu quruculuğunun möhkəmləndirilməsi, şəhid ailələrinə və qazilərə dövlət qayğısının davam etdirilməsi, sahibkarlığın inkişafı və iqtisadi potensialın artırılması məsələlərinə diqqət yetirilib, qurultayda qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində hər kəsin öz sahəsində məsuliyyətlə fəaliyyət göstərməsinin önəmi vurğulanıb.
Müşavirəyə yekun vuran Tahir Budaqov müzakirə olunan məsələlərin əhəmiyyətini bir daha diqqətə çatdıraraq bütün sahələr üzrə qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinin vacibliyini qeyd edib. O, iştirakçıları öz fəaliyyətlərində yüksək məsuliyyət nümayiş etdirməyə, dövlətimizin inkişafı və xalqımızın rifahı naminə səylərini birləşdirməyə çağırıb və əminliyini bildirib ki, ölkə başçısının müəyyən etdiyi vəzifələr uğurla həyata keçiriləcəkdir.






