Nəsimi rayonunda Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Nəsimi rayonunu təmsil edəcək uşaqlarla görüş keçirilib
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev uşaqları sonsuz məhəbbətlə sevirdi və onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan uşaqlarının sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olmuşdur.Ulu öndər öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.
Azərbaycan Respublikası Prezidentinin “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 27 noyabr 2020-ci il tarixli, 2306 nömrəli Fərmanının 5.4.1-ci bəndinin (Ümumrespublika uşaq forumlarının keçirilməsi) icrasının təmin edilməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçiriləcək Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Nəsimi rayonunu təmsil edəcək iştirakçılarla görüş keçirildi.
Görüş zamanı Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu ili “Uşaq ili” elan etməsi ilə əlaqədar həmin ildən başlayaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ənənəvi olaraq uşaqların həyatında əhəmiyyətli hadisə olan Azərbaycan Uşaqlarının Forumları həyata keçirilir. Uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından Ümumrespublika Uşaq Forumlarının əhəmiyyəti vurğulanmış, Forumda Nəsimi rayonunu təmsil etmək hüququ qazanan uşaqlar təbrik edərək onlara uğurlar arzuladı. Daha sonra Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Nəsimi rayonunu təmsil edəcək iştirakçılara Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən tərtib olunan yaddaş kitabçaları təqdim olundu, Forumda iştirak barədə təlimatlar verildi və iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Sonda xatirə şəkli çəkilib.