Nəsimi rayonunda Bakı İstanbul Liseyində narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib
Nəsimi rayonunda bəşəriyyətin bəlası olan narkomaniya ilə mübarizə mövzusunda növbəti maarifləndirici tədbir Bakı İstanbul Liseyində təşkil olunmuşdur.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov, Rayon Polis İdarəsinin rəisi Mirnemət Mirbabayev və digər aidiyyatı qurumların nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon Polis İdarəsinin rəisi polis polkovnik leytenantı Mirnemət Mirbabayev bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını bir daha şagirdlərin diqqətinə çatdıraraq dövlətimiz tərəfindən narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlər haqqında məlumat vermişdir. Son illər narkotik vasitələrə qarşı mübarizənin xeyli güclənməsindən, dövlət orqanlarının bu sahədəki fəallığından danışan RPİ-nin rəisi sosial bəlaya qarşı aparılan mübarizədə mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini də vurğulamışdır.
Digər tədbir iştirakçıları çıxış edərək narkomaniya və digər zərərli vərdişlərin insan orqanizminə neqativ təsirləri və yaratdığı sosial problemlər haqqında geniş məlumat vermiş, yeniyetmələri sağlam həyat tərzi keçirməyə, təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırış etmişlər.
Tədbirdə gənclərə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, məsləhətlər verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.