Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Beynəlxalq Əlillər Günü münasibəti ilə “Tut əlimdən” adlı satış sərgisi keçirilib.

04 dekabr 2023 | 10:52

3 dekabr Əlillər günü ilə əlaqədar  Nəsimi rayonunda fəaliyyət göstərən 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qaleriyasında  sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət “ Tut əlimdən” adlı  satış sərgisi  keçirilib.

Tədbirdə  Nəsimi Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.

Sərginin  keçirilməsində məqsəd gənc nəslin istedad və bacarıqlarını üzə çıxarmaq, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya olunmasına və inklüziv təhsil sisteminin inkişafına şərait yaratmaqdır.

Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan insanların sosial və ictimai həyata inteqrasiya olunması üçün Ulu Öndər Heydər Əliyev tərəfindən  bir sıra addımlar atılmışdır. Belə ki, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanunu, “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu” kimi qanunlar bu qəbildən olan uşaqların şən və firavan yaşamasına xidmət edir. Bu baxımdan xüsusi qayğıya ehtiyacı olan insanların digər insanlardan fərqlənməməsini, onların cəmiyyətin bərabər hüquqlu fərdləri kimi yaşamasını, cəmiyyətə inteqrasiya olunmalarını təmin etmək, komplekslərdən qurtulmalarına çalışmaq hər birimizin borcudur. Bunun üçün mütəmadi olaraq bu insanlarla ünsiyyətdə olmağa, onlara mənəvi cəhətdən yardım göstərməyə, daima dinləməyə və anlamağa çalışmaq lazımdır.

Tədbirdə əvvəlcə  Azərbaycan Respublikasının Dövlət Himni  səsləndirilmiş, sonra xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərindən və mərkəzin sağlamlıq imkanları məhdud uşaqlar üçün “Musiqi dünyamız” adlı dərnəyin üzvü Ceylan Məhəmməd Hüseyn oğlunun fortepianoda solo konsertində ifa etdiyi   mahnılar səsləndirildi.

Tədbirdə dərnək üzvlərinin iştirakı ilə  suvenirlər, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları və aksesuarlar və s. nümayiş edilib.

Tədbirin sonunda   fəallıq göstərən dərnək üzvlərinə diplomlar və hədiyyələr verilib. Xatirə şəkili çəkilib.

Keçidlər