Nəsimi rayonunda “Biz narkotikə yox deyirik” adlı növbəti maarifləndirici tədbir keçirilib.
Nəsimi rayonu İcra Hakimiyyətində “Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası”nın işçi qrupunun, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası”nın, rayon Polis İdarəsinin, Nəsimi Bələdiyyəsinin məsul əməkdaşlarının, rayon ərazisində fəaliyyət göstərən QHT-lərin nümayəndələrinin, rayonun tam orta məktəblərində fəaliyyət göstərən psixoloqların, uşaq birlikləri rəhbərlərinin və məktəblərin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Biz narkotikə yox deyirik” adlı növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdən öncə iştirakçılar RİH-in inzibati binasının foyesində nümayiş olunan şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə” üzrə rayon komissiyasının sədri Zahid Xəlilov bildirdi ki, narkomanlıq bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Müasir dövrdə narkomaniya sərhəd tanımayan beynəlxalq problemə çevrilib. Narkomaniya ilə mübarizə ümumbəşəri problem olmaqla cəmiyyətin hər bir üzvünü narahat edən məsələdir.
Çıxışını davam edən natiq bildirdi ki, Ümummilli lider Heydər Əliyevin imzaladığı, "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı aparılan mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Bundan sonra həmin Fərman əsasında 2000-ci ilə qədər olan dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlandı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı. 1999-cu il iyunun 18-də Milli Məclis tərəfindən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" qanun qəbul olundu. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar 2000-2006-cı, 2007-2012-ci, 2013-2018-ci, 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramları icra edilib. 26 iyun – “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə beynəlxalq mübarizə günü” ərəfəsində rayon komissiyası dövlət komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə birgə aidiyyatı qurumların iştirakı ilə bir sıra tədbirlərin keçirilməsini nəzərdə tutmuşdur. Bu gün keçirilən tədbir də həmin tədbirlər planına uyğun olaraq keçirilir.
Tədbirdə “Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası”nın Milli informasiya sektorunun müdiri Raqif Allahverdiyev, Nəsimi rayon Polis İdarəsinin YYÇ-larla iş bölməsinin əməkdaşı polis mayoru Yeganə Zeynalova, Respublika Narkoloji Dispanserin həkim-narkoloqu Sevda Mirzəyeva, “Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İB-nin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və “Narkotizmlə mübarizə” İB-nin icraçı direktoru Kənan Qubadzadə çıxış edərək narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyini vurğulamışlar.