Nəsimi rayonunda dekabr ayında səyyar qəbullar keçirilmişdir
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarının icrası istiqamətində tədbirlərin həyata keçirilməsi davam etdirilərək vətəndaşların qaldırdıqları məsələlərin həlli daim diqqət mərkəzində saxlanılır.
1, 2, 3 nömrəli Sahə inzibati ərazi dairələri üzrə ünvanları əhatə edən rayon ərazisində təsdiq olunmuş qrafik üzrə RİH başçısı Asif Əsgərov tərəfindən dekabr ayında səyyar qəbullar və yerlərdə çoxsaylı görüşlər keçirilmişdir. Keçirilən 4 səyyar qəbul və görüşlərdə 700-dən çox sakinin iştirakı ilə 60-dan çox müraciət dinlənilmişdir.
Vətəndaşların müraciətləri əsasən, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin və köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin, zirzəmilərin, kanalizasiya və su xətlərinin təmiri, küçə və həyətlərin işıqlandırılması, iş ilə təmin, ağacların budanması və ya götürülməsi və s. məsələlərlə bağlı olmuşdur. Qaldırılan məslələrin həlli ilə bağlı görüləcək işlər barədə vətəndaşlara geniş izah verilərək aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilmiş, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülmüşdür.
Qəbullar və görüşlər zamanı Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər, bu ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirlərinin suverenliyimizin tam bərqərar edilməsi ilə yekunlaşması yüksək qürur hissləri ilə qeyd edilmişdir.
Cari il ərzində rayon ərazisində görülən işlər, xüsusilə “Heydər Əliyev İli” ilə əlaqədar həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlar verilmişdir.
Vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, təklif və rəylərin verilməsi imkanının olduğu sakinlərin diqqətinə çatdırılmışdır.
Sakinlər yerlərdə qəbulların təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə, Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərinə görə razılıqlarını bildirərək ölkə rəhbərliyinə minnətdarlıq etmişlər.