Nəsimi rayonunda dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar tədbir keçirilib
23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov dövlət qulluqçularını təbrik etmiş və onlara fəaliyyətlərində uğurlar arzulamışdır.
Bildirmişdir ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Dövlət qulluğuna və dövlət qulluğunda çalışanlara xalqın inamının bərpa ediməsi, habelə milli və müasir dövlət qulluğu sisteminin qurulması Heydər Əliyev siyasətinin əsasını təşkil edirdi.
Ulu Öndər Heydər Əliyev dövlət qulluğu sisteminin hüquqi təməllərini qoymaqla yanaşı, dövlət qulluqçusunun mənəvi simasını və xalq qarşısındakı məsuliyyətini də hər zaman ön plana çəkir, hər bir məmurun fəaliyyətində dürüstlük, peşəkarlıq və dövlətçilik prinsiplərini əsas meyar hesab edirdi.
Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə mexanizminin yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə əsaslı islahatlar aparılmışdır. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olmuşdur. 2000-ci ilin iyulunda Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə dövlət qulluğunu tənzimləyən əsas sənəddir. Bu Qanun qəbul edildikdən sonra Azərbaycanda müasir dövlət qulluğu ənənələri təşəkkül tapmağa başlamışdır. Bu mühüm sənəd düzgün kadr siyasətinin aparılmasına, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə xidmət göstərir.
Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm prezidentimiz cənab İlham Əliyev dövlət qulluğu sisteminin formalaşması istiqamətində də mühüm və əhəmiyyətli addımlar atmışdır. Cənab Prezidentin 25 may 2006-cı il tarixli sərəncamı ilə iyun ayının 23-çü Dövlət qulluqçularının peşə bayramı günü kimi təsis edilmişdir.
Qeyd edildi ki, dövlət qulluqçularının fəaliyyəti daim ictimaiyyətin diqqət mərkəzindədir və onlar peşə vəzifələrini yerinə yetirərkən humanizm və sosial ədalət prinsiplərinə əsaslanan mənəvi normaları rəhbər tutmalıdırlar. Mənəvi saflıq və vicdanlılıq dövlət qulluğunda əsas meyarlardır.
Məruzə ilə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zahid Xəlilov qeyd etmişdir ki, Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyev tərəfindən 1993-cü ilin iyunun 15-dən etibarən ölkənin idarə olunmasında dövlət qurumlarının məsuliyyətini artırmaq və fəaliyyəti daha da səmərəli etmək məqsədilə onların strukturlarında davamlı islahatlar aparılıb. Heydər Əliyevin idarəçilik fəlsəfəsinə əsaslanan bu islahatlar bu gün də dövlət aparatının çevikliyinin təmin olunmasında və vətəndaş-dövlət münasibətlərinin daha sağlam təməllər üzərində qurulmasında müstəsna rol oynayır.
Müasir müstəqil Azərbaycan dövlətinin güclənməsi, regional və qlobal miqyasda mühüm layihələrin icraçısına çevrilməsi birbaşa olaraq idarəetmə institutlarının səmərəli işindən və dövlət qulluqçularının peşəkarlıq səviyyəsindən asılıdır. Məhz bu səbəbdən ölkəmizdə dövlət qulluğu, sadəcə, bir peşə sahəsi deyil, eyni zamanda, milli maraqlara və dövlətçilik ideallarına xidmət edən şərəfli bir missiya olaraq qəbul edilir.
Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya” və onun icrası üzrə Fəaliyyət Planı idarəçiliyin təkmilləşdirilməsində mühüm yol xəritəsi olub. Bu plan dövlət orqanlarının kateqoriyasının müəyyənləşdirilməsi, rəhbər şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə təlim modullarının hazırlanması, dövlət qulluqçularının peşəkar inkişafı, məlumat bazalarının və reyestrinin yaradılması kimi strateji vəzifələri uğurla həll edib.
Digər çıxış edənlər dövlətimiz tərəfindən dövlət qulluqçularına göstərilən diqqət və qayğıya görə Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, dövlət siyasətinin möhkəmlənməsində, vətəndaşlarımıza keyfiyyətli xidmət göstərilməsi və ölkəmizin inkişafı naminə var gücləri ilə çalışacaqlarını qeyd etmişlər.






