Nəsimi rayonunda dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar tədbirlər keçirilib
23 iyun ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər. Daha sonra Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olundu.
23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətində dəyirmi masa keçirilmişdir. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tədbiri açaraq dövlət qulluqçularını təbrik etmiş və onlara fəaliyyətlərində uğurlar arzulamışdır. O bildirmişdir ki, Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə əsaslı islahatlar aparılmışdır. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olmuşdur. 2000-ci ilin iyulunda Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə dövlət qulluğunu tənzimləyən əsas sənəddir. Bu Qanun qəbul edildikdən sonra Azərbaycanda müasir dövlət qulluğu ənənələri təşəkkül tapmağa başlamışdır. Bu mühüm sənəd düzgün kadr siyasətinin aparılmasına, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə xidmət göstərir.
Qeyd edildi ki, dövlət qulluqçularının fəaliyyəti daim ictimaiyyətin diqqət mərkəzindədir və onlar fəaliyyətlərində humanizm və sosial ədalət prinsiplərinə əsaslanan mənəvi normaları rəhbər tutmalıdırlar. Mənəvi saflıq, vicdanlılıq və təmənnasızlıq dövlət qulluğunda əsas meyarlardır.
Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Fəxri Fərmanla təltif olundular.