Nəsimi rayonunda Dövlət Suverenliyi Günü ilə əlaqədar "Dövlət Suverenliyinin Tarixi İnkişafı və Müasir Dövrdə Hüquqi Tədqiqi" adlı tədbir keçirilib.
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə general-leytnant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Suverenliyi Günü ilə əlaqədar "Dövlət Suverenliyinin Tarixi İnkişafı və Müasir Dövrdə Hüquqi Tədqiqi" adlı tədbir keçirilib.
Açılış nitqi ilə çıxış edən məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru Aytən Baxşıyeva dövlət suverenliyimizin əldə olunması, konstitusion dəyərlərin təbliği və tədbirin keçirilməsinin əsas məqsədi haqqında ətraflı məlumat vermişdir.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxışında vurğulayıb ki, suveren gəncliyimizin göstərdiyi şücaət və əzm nəticəsində xalqımız tarixi qələbəyə nail olmuş, Azərbaycanın ərazi bütövlüyü bərpa edilmişdir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev təkcə müharibədə deyil, həm də sülh və sabitliyin təmin olunması istiqamətində böyük siyasi iradə nümayiş etdirmişdir. Həmçinin çıxışda suveren gəncliyimizin sağlam həyat tərzində böyüməsi, psixoloji ruh yüksəkliyinin təmin olunması sahəsində Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətlərindən danışılıb.
Milli Azərbaycan Tarix Muzeyinin direktoru, “Əməkdar elm xadimi”, akademik Nailə Vəlixanlı çıxışında dövlət suverenliyi və konstitusiya ilə bağlı tarixi faktlara toxunaraq, Azərbaycanın müstəqillik yolunda keçdiyi mərhələlərdən, hüquqi dövlət quruculuğundan bəhs edib. Akademik qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti, xalqımızın azadlıq iradəsi və dövlətçilik ənənələri suverenliyimizin tam bərpa olunmasına, konstitusiyamızın isə formalaşmasında tarixi missiya daşıyır.
Nəsimi Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin inspektoru Yeganə Zeynalova orta təhsil müəssisələrində şagirdlərin hüquqlarının müdafiə olunması, onların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması, asudə vaxtlarının səmərəli təşkil olunmasında, həmçinin təhsildən yayınma hallarının qarşısının alınmasında təbliğat işlərinin nəticələrindən danışıb.
Nəsimi RİH yanında İctimai Şuranın sədr müavini, ADNSU-nun IV kurs tələbəsi Sənan Hüseynov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu və 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlətçiliyimizin hüquqi əsaslarını formalaşdırmaqla yanaşı, gənclərin inkişafı və hüquqlarının təmin olunmasında da mühüm rol oynamışdır. Bu gün ölkə gəncliyi həmin hüquqi irsdən güc alaraq, dövlətçiliyimizin möhkəmləndirilməsi və milli maraqların qorunması naminə fəal mövqe nümayiş etdirir.
Çıxış edən məktəbin tarix müəllimi Gülnar Padarova bildirib ki, dövlət suverenliyi və milli konstitusiyamız xalqımızın tarix boyunca apardığı mübarizələrin nəticəsi olaraq formalaşıb. Vurğulayıb ki, məktəblərdə aparılan vətənpərvərlik tərbiyəsi, dövlətçilik və hüquqi maarifləndirmə işi gələcəyimizin etibarlı təminatıdır.
Sonda tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb.






