Nəsimi rayonunda “Elmin innovativ yanaşmalarında suverenliyimizin hüquqi predmetləri” mövzusunda tədbir keçirilib
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 16 nömrəli Texniki Humanitar Liseydə “Elmin innovativ yanaşmalarında suverenliyimizin hüquqi predmetləri” adlı tədbir keçirilib.
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan Dövlətinin qurucusu Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan liseyin direktoru Ülviyyə İsmayılova çıxışında hüquqi və suveren prinsiplərin elmi yanaşmalarla araşdırılmasının vacibliyini vurğulayıb, bu istiqamətdə keçirilən görüşlərin əhəmiyyətindən söz açıb.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxışında qeyd edib ki, Ulu öndər Heydər Əliyevin yorulmaz səyi nəticəsində insan hüquqlarının müdafiəsinə yönəlmiş siyasət ölkəmizin bu sahədə yüksək nəticələr əldə etməsində xüsusi rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, qəbul olunan strateji proqramlar, hüquqi və institusional qərarlar ölkədə insan hüquq və azadlıqlarının daha etibarlı təminatına xidmət edir. O, həmçinin vurğulayıb ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti və ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın ictimai-sosial sahədə, həmçinin humanitar təşəbbüslərdə fəal iştirakı bu istiqamətdə aparıcı rol oynayır.
Nəsimi Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin inspektoru Yeganə Zeynalova qeyd edib ki, hüquqi biliklərin erkən yaşlardan aşılanması və gənclərin hüquqi maarifləndirilməsi müasir dövrdə xüsusi əhəmiyyət daşıyır. O bildirib ki, elmi yanaşmalar və innovativ metodlar hüquq-mühafizə fəaliyyətində də geniş tətbiq olunur və bu da cinayətlərin qarşısının alınması, profilaktik tədbirlərin effektivliyi baxımından mühüm məna kəsb edir.
Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini, ADNSU-nun IV kurs tələbəsi, liseyin məzunu Sənan Hüseynov qeyd edib ki, müasir dövrdə hüquqi dövlət quruculuğu prosesi elmi-akademik yanaşmalarla daha da təkmilləşdirilir. Nəzərə çatdırıb ki, cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan elm və təhsil sahəsində aparılan davamlı islahatlar nəticəsində ölkə gəncliyi hüquqi biliyə malik, analitik düşüncəli və milli dəyərlərə sadiq vətəndaş kimi formalaşır.
16 nömrəli Texniki Humanitar Liseyin müəllimi Səfa İsmayılov bildirib ki, tarix elmindən irəli gələn nəticələr hüquqi və siyasi proseslərin düzgün qiymətləndirilməsi baxımından mühüm missiya daşıyır. Əlavə edib ki, gənclərin vətənpərvərlik və hüquqi şüur ruhunda yetişməsi üçün bu cür tədbirlər müstəsna rola malikdir.
Sonda tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb, təklif və layihələr müzakirə olunub.






