Nəsimi rayonunda “Energetiklər günü” qeyd olundu
20 Oktyabr “Energetiklər Günü” münasibətilə Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsində tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Enerji Təchizatı və Satışı İdarəsinin kollektivinin üzvləri, rayon Xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov “Energetiklər Günü” münasibətilə kollektivin üzvlərini təbrik etmişdir. Çıxış edən başçı on səkkiz ildir ki, Azərbaycan energetiklərinin öz peşə bayramlarını iftixarla qeyd etdiyini, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsinin milli elektroenergetika salnaməmizin daha bir parlaq səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsi olduğunu qeyd etdi.
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika kompleksinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirdiyi, bu sahədə misilsiz işlər gördüyünü, Ulu Öndərin müəyyənləşdirdiyi və hazırda ölkə başçımız tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi islahatların Azərbaycanın güclənməsinə və qüdrətlənməsinə yönəldiyi, onun təşəbbüsü və rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektroenergetika üzrə də mükəmməl proqramlar qəbul edilərək reallaşdırıldığı vurğulandı.
Enerji sisteminin, enerji istehsalı infrastrukturunun yenidən qurulması, şəhər və rayonlarda onlarla böyük və kiçik elektrik stansiyalarının tikilməsi, ölkədaxili və respublikamızı xarici ölkələrlə əlaqələndirən magistral elektrik xətlərinin yenilənməsi, elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı dövlət proqramlarının icrası nəticəsində Azərbaycanın daxili enerji tələbatının ödənilməsi ilə bərabər elektrik enerjisinin ixracına da nail olduğu, bütün bunların Möhtərəm Prezidentimizin həyata keçirdiyi çoxşaxəli inkişaf siyasətinin və bu siyasətdən irəli gələn vəzifələri energetika sektorunda layiqincə yerinə yetirən Azərbaycan energetiklərinin çətin və şərəfli əməyinin bəhrəsi olduğu qeyd olundu.
Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Ülvi Həsənov Nəsimi rayonunda elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı görülən genişmiqyaslı işlər barədə məlumat verdi.
Tədbirin sonunda Rayon Enerji Təchizatı və Satışı İdarəsinin bir neçə əməkdaşına hədiyyələr tədim olundu.