Nəsimi rayonunda “Heydər Əliyev ili" çərçivəsində Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə “Min ildə bir doğulanlar” adlı tədbir keçirilib.
Nəsimi rayonunda “Heydər Əliyev ili" çərçivəsində silsilə tədbirlər çərçivəsində A.Abdullayev adına 211 nömrəli tam orta məktəbdə “Min ildə bir doğulanlar” adlı tədbir keçirilib.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, AMEA-nın Tarix İnstitunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, professor Ədalət Qasımov, ümumtəhsil müəssisələrinin rəhbərləri və məktəbin pedaqoji kollektivi iştirak edib.
Tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıb.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə 211 nömrəli tam orta məktəbin direktoru Rəhman Hacıyev qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışdı.
Tədbirdə AMEA-nın Tarix İnstitunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, professor Ədalət Qasımov qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev barədə danışarkən bildirməliyik ki, Heydər Əliyev həm tarixi şəxsiyyətdir, həm də tarixi yaradan şəxsiyyət! Bu fikri qüvvətləndirən, arqumentlərimizi genişləndirən faktlar isə yetərincədir. Ulu öndər Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, O, Özü bir tarix, salnamə yaratmış, zamanın axarını nizamlamaq qüdrətinə sahib olmuşdur. Bu gün isə Onun fəaliyyətinin, gərgin əməyinin bəhrələrindən təkcə xalqımız yox, bütün region xalqları, böyük İslam dünyası və türk xalqları faydalanır. Elə buna görə də, Ulu öndərimizin adı dünyanın hər yerində Uca tutulur, xatirəsi ehtiramla anılır.
Heydər Əliyevin azərbaycançılıq ideyasının ikinci qanadı milli mənəvi dəyərlərə sadiqlikdir. Ulu öndər milli mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanılmasını, gələcək nəsillərə çatdırılmasını bir vəzifə olaraq qarşıya qoyurdu. Heydər Əliyev öyrədirdi ki, əgər xalq öz müstəqilliyini qorumaq, gələcəyini qurmaq istəyirsə, milli mənəvi dəyərlərinə söykənməlidir. Milli mənəvi dəyərlərinə hörmət etməyən, bir millət olaraq öz varlığını ifadə edə bilməyən xalqın müstəqil dövləti uzunömürlü ola bilməz. Milli dövlət ölkənin ərazi bütövlüyünü, konstitusiya quruluşunu, vətəndaşlarının təhlükəsizliyini, təbii sərvətlərini qoruduğu kimi, milli mənəvi dəyərləri də qorumalı və inkişaf etdirməlidir. Ulu öndər Heydər Əliyev milli mənəvi dəyərlərimizin tərkib hissəsi kimi üç komponenti xüsusi qeyd edir ki, bunların şüurda proyeksiyası milli mentaliteti təşkil edir: dilimiz, dinimiz, adət-ənənəmiz.
Ulu Öndərin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət quruculuğu və iqtisadi inkişaf strategiyası özünün parlaq bəhrəsini verməkdədir.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirdi ki, bu gün Azərbaycan Respublikası hüquqi-demokratik ölkə kimi gələcəyə doğru uğurla addımlayır. Qazanılan hər bir uğur hər bir soydaşımızda hədsiz qürur doğurmaqla bərabər, başqa bir həqiqəti – Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin şəxsiyyətinin ucalığını və böyüklüyünü də dərindən dərk etmək imkanı yaradır. Bir daha yəqin edirik ki, həqiqi xalq lideri Heydər Əliyevin dühasının, mənalı ömür yolunun hər anı, hər səhifəsi gələcək nəsillər üçün mükəmməl bir nümunədir. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi iki tarixi epoxada – sovet zamanında və müstəqillik dövründə tarixi ənənə və yurd sevgisi təməlləri üzərində milli ideologiyanın formalaşması və ölkəsinin tərəqqisi naminə müstəsna xidmətlər göstərmişdir. Qüdrətli lider olaraq o, milli şüurun düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus adət-ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır. Ulu öndər azərbaycançılığı milli ideologiyaya çevirməklə, vətəndaş həmrəyliyinə və ölkəsinin mənəvi bütövlüyünə nail olmuşdur. Ötən hər il Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bir daha təsdiqləyir.
Tarixi şəxsiyyətlər, bir qayda olaraq, ağır, böhranlı zamanlarda, xalq ölüm-dirim dilemması qarşısında qalanda xalqın yanında olurlar və onun taleyini müəyyən etmək məsuliyyətini öz üzərlərinə götürürlər. Azərbaycan xalqının demokratik, hüquqi dövlətdə yaşamaq ideallarının real və dayanıqlı əsaslar üzərində gerçəkləşməsi Heydər Əliyevin adı ilə bağlıdır. Siyasi-iqtisadi və sosial-mədəni sahələrdə olduğu kimi, qanunvericilik məsələlərində də zamanın nəbzini düzgün tutmağı bacaran Heydər Əliyev Konstitusiyanın müstəqil dövlətin həyatında oynadığı rolu tam ciddiliyi ilə qiymətləndirərək və onun inkişafa doğru yolda, bir növ, kompas olduğunu bilərək diqqəti müstəqil respublikamız üçün həyati əhəmiyyətli bu qanunlar toplusunun yaradılmasına yönəltdi. Müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlandı və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul olundu. Yeni Konstitusiyanın qəbulu prosesində dahi dövlət başçımız təkcə müdrik bir siyasi xadim kimi deyil, həm də humanitar elmlərin bütün sahələrinə dərindən bələd olan şəxs kimi ensiklopedik bilik nümayiş etdirmişdir.
Tədbirdə məktəbin şagirdləri Heydər Əliyevə olan məhəbbəti, sevgini hazırladıqları şeirlərdə, mahnılarda və rəqslərdə əks etdirdilər.
Tədbirin sonunda xatirə şəkili çəkilib.