Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Bir ağac-bir dünya” başlığı altında ağacəkmə aksiyası keçirilib.

11 mart 2023 | 11:32

Fəxrlə deyə bilərik ki, Heydər Əliyev deyəndə, Azərbaycan düşünülür. Azərbaycan deyəndə, göz önünə, ilk növbədə, Heydər Əliyev gəlir. Hər bir azərbycanlı üçün tükənməz qürur mənbəyi olan bu dahi insan özü ürəkdolusu bir coşqu ilə deyir: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam...” Ulu öndər bu gün də aramızdadır, nə qədər Azərbaycan varsa, Heydər Əliyev vardır. Bu iki varlığı bir-birindən ayırmaq mümkün deyil. Heydər Əliyev hər bir azərbaycanlının qəlbindədir. Xoşbəxt xalqıq ki, Tanrı bizə belə dahiyanə şəxsiyyət bəxş etmişdir. Xalqımız gündəlik həyatında, strateji amallarında Heydər Əliyev nəfəsini, hərarətini hiss etdikcə, daha güclü, daha əyilməz və inamlı olur. Ən çətin anlarda da, ən xoş günlərdə də ulu öndər Azərbaycanımızın yanındadır, başının üstündədir. Ulu öndər bizim xilaskarımız, ideyaları nicat yolumuzdur. Heydər Əliyev elə böyük və həssas şəxsiyyətdir ki, Azərbaycanımızın heç bir xoşbəxtlik və firavanlıq ölçülərini nəzərdən qaçırmazdı. Müstəqilliyimizin memarı kimi müstəqilliyə xələl gətirən ən böyük sarsıntılardan tutmuş, ən xırda həssas nöqtələrə qədər heç birinə biganə qalmazdı. Xalqımızın, dövlətimizin taleyi ilə bağlı ən ümdə məsələləri vaxtında qabardıb, uyğun tədbirlər görərdi. Ulu öndərin ən böyük arzusu Azərbaycanı müstəqil görmək idi. O, bunu yaratdı. Ulu öndərin böyük amalının qarşısını almaq üçün bədxah qonşularımız bizim üçün Qarabağ problemi yaratdılar. Vətənimizin ayrılmaz parçası olan gözəl Qarabağımızı əlimizdən qopartmaq düşmənlərimizin çoxdankı niyyəti idi. Paxıllıq, bədxahlıq simvolları olan erməni qəsbkarları namərd və nankor havadarları ilə ölkəmizin cənnət güşəsini qəsb edərkən, onun təbiətini də talan etmiş, ekologiyasını amansız günə qoymuşlar. Ulu öndər ana yurdumuzu qarış-qarış gəzərkən, onun inkişafının təməl planlarını qurarkən, heç vaxt ekologiyanı, təbiəti yaddan çıxarmamışdır. Çünki Tanrı bizə əlçatmaz bir təbiət gözəlliyi bəxş etmişdir. Dünyanın ən böyük alimləri, ekoloqları ölkəmizdə olmuş, nadir təbiətimizin füsunkarlığından vəcdə gəlmişlər. Bütün dünya həm tarix, həm gözəllik baxımından Azərbaycanımızı ən nümunəvi coğrafiya sayır. Elə buna görə də Heydər Əliyev Azərbaycan təbiətinə xüsusi önəm vermiş, onun daim təbii və ilkin toxunulmazlığını qorumağın vacibliyini zəruri saymışdır. Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş ekoloji qərarlar, qanunlar, sərəncamlar ölkəmizin təbiətinin sağlamlığına yönəlmişdir. Bu iş ardıcıl, müntəzəm və sistem halında görüldüyü üçün böyük səmərə vermişdir. Təbiətə yönəlik hər hansı qəsd ulu öndəri çox hiddətləndirərdi: “Mən 1993-cü ildə Bakıya gələrkən, bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsilməsini görərkən, elə bildim ki, məni yaralayıblar. Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir.... İnsan qurmalıdır, yaratmalıdır... hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özüözünə xəyanət edir. Ona görə də siz hər bir ağacı qorumalısınız, hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız...” Bu sözlərdə görkəmli dövlət xadiminin böyüklüyü qədər sadəliyi, dərinliyi qədər şəffaflığı əksini tapır. Biz burada qəbul etdiyi qərarların arxasında duran saf qəlbli, qüdrətli bir insanın durduğunun şahidiyik. Əlbəttə, bu böyüklükdə, dəyanətdə və düşüncədə olan insana şahidlik lazım deyil. Çünki hara baxırsan, onun saf toxum səpdiyi Azərbaycan məkanından, hətta bütöv keçmiş SSRİ məkanından səs gəlir: canlı insan səsi, təbiət səsi, göylərə ucalan ağacların, yerlərdə uzanan su kanallarının səsi deyir ki, biz o böyük insanın, geniş qəlb sahibinin insanlığa xidmət edən əməllərinin şahidiyik. Ulu öndər Heydər Əliyevin zəngin maddi sərvətlərimizə – yaşıllığa, meşələrə, dağlara, çaylara, bulaqlara, bir sözlə, təbiətə münasibəti onun azərbaycançılıq ideyasının tərkib hissəsi idi. Bu münasibətlərdə Azərbaycana nəhayətsiz sevgidən, ana Vətənə məhəbbətdən doğan heyrətamiz bir cazibə qüvvəsi vardı. Dünyanın tanınmış siyasətçisi, xalqın əbədi lideri, ulu öndərin təbiət sevgisində də dövləti idarə etmək səriştəsi, Azərbaycanı dünyaya tanıtmaq missiyası möhkəm və dönməz idi. 1969-cu ildə hakimiyyətə gəldiyi vaxtdan başlayaraq, Azərbaycanı ətalətdən yüksək inkişaf mərhələsinə çıxaran, bütün məqamlarda xalqın qüdrətini, qüvvətini, mənəvi və maddi dəyərlərini, mədəniyyətini, elmini postsovet məkanında tanıdan, onun üstünlüklərini, ululuğunu, qədimliyini, ədəb və əxlaqi keyfiyyətlərini, istedadını dünyaya bəyan edən ümummilli lider eyni missiyanı ölkənin zəngin təbiətinin təbliğində, Azərbaycana təbiətin verdiyi təbii sərvətlərin dünyaya tanıdılması sahəsində də müdrik uzaqgörənliklə yerinə yetirmişdir. Heydər Əliyev ölkəmizin analoqu olmayan flora və faunası ilə daim fəxr və iftixar hissi keçirirdi, onun torpağının, havasının, landşaftının qorunub saxlanmasını, zənginləşdirilməsini tələb edirdi. Ona görə də yurdumuzun torpaq, bitki, su, hava, meşə, bulaq, bitki örtüyü tərkibini daha dərindən öyrənməyə istiqamət verirdi. Adi otunun, gülünün, çiçəyinin, kolunun, yabanı bitkisinin minbir müalicə vasitəsi olduğunu, suyunun şəfaverici təsirinin məşhurluğunu, torpağının tutiya kəsərini bilib öyrəndikdən sonra bu təbiətin ecazı, sehri-sirri meydana çıxır. Ulu öndər Heydər Əliyevin fəaliyyətində ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məsələləri həmişə xüsusi diqqət mərkəzində olmuşdur. Təsadüfi deyil ki, məhz ümummilli liderimizin 1969-1982 və 1993- 2003-cü illərdə respublikamıza rəhbərlik etdiyi dövrlərdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində mühüm qanunlar və qərarlar qəbul edilmişdir. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikada həyata keçirilən qlobal təbiəti mühafizə tədbirlərinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. Həmin illər ekologiya, təbiətin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadəyə dair 8 qanun və Azərbaycan KP MK-nın, Nazirlər Sovetinin 32 qərarı olmuşdur. Ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycanın sabit inkişafı ekoloji problemlərin həllindən çox asılıdır. Hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanda yeni ictimai şüurun intişar tapmasına nail olan ulu öndər, eyni zamanda, respublikada yeni ekoloji düşüncənin formalaşmasına zəmin yaratmışdır. Təbiətə, ekologiyaya yeni baxış, münasibət meydana çıxmışdır. Bakının yaşıllaşdırılması, şəhərdə və ətrafda yaşıllıqlar salınması böyük bir layihənin həyata keçirilməsi ilə əlaqədar idi. Ümummilli lider bu sahədə hamını Bakının yaşıllaşdırma tədbirlərində aktiv iştirak etməyə, fəal olmağa çağırırdı: “Nə əkmişik, hamısı becərilib böyüdülməlidir. Hər bir ağac uçota alınmalıdır” fikri əsas amalı oldu. Ulu öndərimiz tərəfindən yaşıllaşdırma ümumxalq işi elan olundu. 1971-ci il fevralın 5-də Bakı şəhər partiya konfransındakı çıxışında Heydər Əliyev yaşıllaşdırma tədbirlərini gücəndirmək məqsədilə qarşıya mühüm vəzifə qoydu. Ulu öndərin Azərbaycan təbiətinə qayğısı bir övladın anasına göstərdiyi qayğı qədər səmimi, təmənnasızdır. Çünki əsas ideya uzaqgörən və saf niyyətə xidmət edir. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva ulu öndərin ekoloji arzu və planlarını dönmədən və qətiyyətlə həyata keçirirlər. Ölkədə yaşıllaşdırma kütləvi, stabil və davamlı prosesə, vətəndaş vərdişinə çevrilmişdir. Təbiətə qarşı atılan hər yöndəmsiz addımın qarşısı Prezidentimizin sərt və vaxtında müdaxiləsi ilə alınır. İnanırıq ki, Azərbaycan hər sahədə olduğu kimi, ekoloji istiqamətdə də ulu öndər Heydər Əliyevin dəstxəttini davam etdirəcəkdir.

Bildiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli  3623 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilmişdir. İl çərçivəsində  rayonda abadlıq quruculuq işi davam edir, eyni zamanda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası həyata keçirilib.

Məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.

Nəsimi rayonu  Vaqif prospekti, Bakıxanov, S.Vurğun, X.Şuşinski və F.Qasımzadə küçələri boyunca 300 ədəd eldar şamı və luqustr ağacları, 50 ədəd Oleandr ağacları, 400 ədəd kiparis ağacları, 30 ədəd çinar ağacları, çoxsaylı dekorativ şam ağacları, ümumilikdə 1000-dən artıq ağac əkilib. Mövcud yaşıllıq zolaqlarında yararsız vəziyyətə düşmüş qazon örtüyü yenisi ilə əvəz olunub, 800-dən artıq mövsümi gül kolları əkilib. Eyni zamanda, quru ağaclar budanaraq , ümumi sanitar təmizlik  işləri görülmüşdür.

Digər yaşıllıqların bərpası istiqamətində tədbirlər davam etdirilir, rayonda  yeni yaşıllıq zolaqlarının salınması, ekoloji mühitin sağlamlaşdırılması və paytaxtımızın daha da gözəlləşməsinə yönəlmiş işlər daim nəzarətdə saxlanılır.

 

 

Keçidlər