Nəsimi rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan məfkurəsi" və ailə dəyərləri mövzusunda tədbir keçirilib.
Nəsimi rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetinin akt zalında “Heydər Əliyev və Azərbaycan məfkurəsi" və “Heydər Əliyev və ailə dəyərləri” mövzusunda tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul məkdaşları, rayonun görkəmli ziyalıları, elm xadimləri, ATU-nun pedaqoji kollektivi, Ədliyyə Nazirliyinin məsul əməkdaşları, Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, Gender əsaslı məişət zorakılığı üzrə monitorinq qrupunun üzvləri,qeyri-hökumət təşkilatının rəhbərləri, inzibati orqanların nümayəndələri, ictimai təşkilatların rəhbərləri və rayon gəncləri iştirak edib.
Tədbiri giriş sözü ilə Azərbaycan Tibb Universitetinin prorektoru Zülfüqar Musabəyov açaraq tədbir iştirakçılarını salamlamış və tədbirin əhəmiyyətindən danışdı.
Sonra Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3623 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın icrası ilə əlaqədar Nəsimi rayonu üzrə Tədbirlər Planı hazırlanmış və il ərzində müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına həmişə qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyev ailənin cəmiyyətdəki rolunu xüsusi olaraq qeyd edirdi: "Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir". Ulu Öndər heç bir Azərbaycan ailəsinin taleyinə laqeyd qala bilmirdi. O, Azərbaycanda ailə adətlərimizin ləyaqətlə davam etdirilməsi üçün hər cür imkan və şərait yaradır, bu işdə dəstəyini xalqdan əsirgəmirdi. Azərbaycana rəhbərlik etdiyi hər bir dövrdə çoxuşaqlı və aztəminatlı ailələrə, əmək qəhrəmanlarının ailələrinə xüsusi qayğı göstərir, onların övladlarının təhsilini nəzarətdə saxlayırdı. Ailəni, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Heydər Əliyev hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusu, qayda-qanunu, əlaqələri və prinsipləri gözləməyə borcludur. Hər bir ailə üzvü öhdəsinə düşən funksiyaları yerinə yetirməli, ailənin rifahı üçün bütün bacardığını etməli, hamıya hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə və qaydalara tam riayət etməlidir. Çünki ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Ailə İnstitutunun möhkəmliyi cəmiyyətin və dövlətin güclənməsinə və inkişafına gətirib çıxarır. Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin tariximizdə silinməz iz qoyan nəsil şəcərəsi, eləcə də özünün nümunəvi ailə tarixçəsi, onun müqəddəs ocağının davamçıları – Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ailəsi də cəmiyyətimizə, xüsusən də gənclərimizə böyük örnəkdir. Tarixi xidmətlərinə görə bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər Əliyev siyasi aləmdəki uğurlarının arxasında hər zaman ailəsinin dayandığını bildirirdi. Söz yox ki, nəhəng şəxsiyyətlərin arxasında böyük qadınlar dayanır. Ulu öndər Heydər Əliyev öz xatirələrində qeyd edirdi: "...Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib...”. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bütün həyatı və fəaliyyəti nəsillərə nümunə olmaqla yanaşı, ideal ailə başçısı kimi göstərdiyi örnək də misilsizdir. Onun ailə dəyərlərinə verdiyi qiymət həmişə hörmətlə xatırlanır və xatırlanacaqdır. Cəmiyyəti yaşadan və onun varlığını sübut edən ailə meyarlarına Ulu öndərin öz münasibəti, öz yanaşması var idi. Heydər Əliyev həm də öz ailəsinə göstərdiyi qayğı və diqqətlə seçilib, milli-mənəvi dəyərlərimizin qarantı kimi ailənin müqəddəsliyinə daim böyük önəm veribdir. Ulu öndər və ömür-gün yoldaşı Zərifə xanım Əliyeva övladlarına və nəvələrinə genetik olaraq çox şey ötürüblər, çox şey də tərbiyə ediblər, amma sözlə, tənbehlə deyil, ilk növbədə şəxsi nümunə ilə... Heydər Əliyev Azərbaycanın suverenlik və müstəqillik rəmzi olmaqla yanaşı, böyük humanizmin, möhkəm və nümunəvi ailə başçısının simvoludur. Onun cəmiyyətin idarə olunmasında, insanlar arasında münasibətlərin formalaşmasında, möhkəm ailə prinsiplərinin yaranmasında və həyata keçirilməsində göstərdiyi nümunə də daim öyrəniləcək və tətbiq ediləcəkdir. Bu nümunə hər bir Azərbaycan ailəsinin etalonuna, meyarına çevriləcəkdir.
Sonra Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova çıxış edərək bildirdi ki, çağdaş dünyanın qlobal problemlərindən biri də sosial-mənəvi, mədəni-milli mühitin saflığının qorunmasıdır. Bu baxımdan ailə istər şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyər, mədəni irs, əxlaqi norma və qaydaların ötürücüsü rolunu oynayır. Bir sıra alimlər təsdiq edir ki, dövrümüzdə insanların ailəyə olan tələbatı azalmışdır, ailə sivilizasiyanın təsiri altında birgəyaşayışın liberal formalarına doğru təkamül edir. Lakin bir çox sosioloji tədqiqatlar göstərir ki, əksinə, müasir insan üçün ailənin, uşaqların, evin, maddi rifah halının, asudə vaxtın dəyərləri çox artmışdır. Günü bəşəriyyətin diqqətində olan bu problemlə bağlı müxtəlif müzakirələr aparılır, çağırışlar edilir. Hər zaman belə olubdur ki, istənilən bir xalqın, yaxud millətin tarix səhnəsində varlığı onun doğma dilinə, milli adət-ənənələrinə, özünə məxsüs etnik mədəniyyətinə sıx bağlılığından asılıdır. O cəhətdən Azərbaycan xalqının çox gözəl və zəngin milli ailə ənənələri, məişət sistemi var. Həmin ailə ənənələri sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir.
Sonra Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva bildirdi ki, 1969-cu ildən Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə çoxuşaqlı və aztəminatlı, eyni zamanda müharibə və əmək qəhrəmanlarının ailələrinə xüsusi qayğı göstərən, onların övladlarının təhsilini nəzarətdə saxlayan, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Heydər Əliyev hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusa, qayda-qanuna, əlaqələrə və prinsiplərə riayət etməlidir. Hər bir ailə üzvü öhdəsinə düşən funksiyaları yerinə yetirməli, ailənin rifahı üçün bacardığını etməli, ailə üzvlərinə hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə və qaydalara sadiq olmalıdır. Axı dövlətin kiçik modeli – forması sayılan milli ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Prezident İlham Əliyev də Ümummilli liderimizin bu tarixi missiyasını davam etdirərək Azərbaycan ailə ənənlərinin qorunub saxlanmasına xüsusi diqqət ayırır.
Daha sonra Vətəndaş Cəmiyyətinin üzvü Səadət Bənənyarlı çıxış edərək bildirdi ki, gənc ailələr çox vaxt qürurlarına məğlub olurlar, sonranı düşünmədən ani qərar verib boşanırlar. Əllərindən gedən ən qiymətli sərvətin - xoşbəxtliyin dəyərini anlayanda isə hər şey gec olur, geri qaytara bilmirlər. Hər bir gənc ailə sahib olduğu nemətin dəyərini anlasa, onu qoruyub saxlamaq üçün iradə göstərsə və boş yerə qürur nümayiş etdirməsə, boşanmaların sayı bu qədər artmaz, balacalar da gözəl uşaqlıq həyatlarını qanadıqırıq şəkildə yaşamazlar, gələcək nəsillər daha sağlam ruhda böyüyər". Ata və ana da bir-birinə arxa çevirib ayrılsalar, ailələr dağılar. Sevgi, hörmət, səbr və sədaqət, bir də qarşılıqlı inam ailə dirəklərini həmişə möhkəm saxlayar. Ailənin yaranma tarixi tarixin özü qədər qədimdir. Yarandığı gündən də əsas funksiyası gələcək üçün öz məsuliyyətini dərk edən, əxlaq dəyərlərini mənimsəyən insan yetişdirmək, eyni zamanda, yetişdirdikləri insanı cəmiyyət tərəfindən qəbul edilməyən qeyri-əxlaqi davranışlardan çəkindirməkdir. Hər birimiz bu tarixin yaşaması üçün məsuliyyətimizi anlamalıyıq.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.