Nəsimi rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfransa start verildi.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına uyğun olaraq “Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir.
“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən elmi-praktik konfransın keçirilməsində əsas məqsəd xalqımızın Ümumilli Lideri, böyük tarixi şəxsiyyət Heydər Əliyevin tariximizdə, həmçinin müasir Azərbaycanın formalaşmasındakı fəaliyyətinin şagirdlər tərəfindən daha dərindən öyrənilməsinə töhfə verməkdir. Eyni zamanda onlara 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində qazanılmış Şanlı Zəfərin təbliği, eləcə də böyüməkdə olan gənc nəsilə doğma vətənə sevgi və məhəbbət hislərinin aşılanması, onlar arasında vətənpərvərlik ruhunun təbliğidir. Şübhəsiz ki, cəmiyyəti inkişaf etdirən, irəli aparan vətəndaşlar-müstəqil vətənimizin gələcək keşikçiləri məktəblərimizdə tərbiyə alır və formalaşırlar. Milli-mənəvi dəyərlərimizin öyrənilməsində, qorunub saxlanılmasında və inkişaf etdirilməsində ümumtəhsil məktəblərində şagirdlərə aşılanan vətənpərvərlik tərbiyəsi mühüm rol oynayır.
Nəsimi rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfransa start verildi.
Konfransda Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvləri, rayonda fəaliyyət göstərən orta məktəblərin direktorları, müsabiqədə iştirak edən bütün məktəblilər və elmi rəhbərləri iştirak ediblər.
Konfransı giriş sözü ilə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva açaraq bildirdi ki, Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin şərtləri və mərhələləri barədə geniş məlumat verdi. Qeyd olundu ki, rayon üzrə məktəblilər təyin olunmuş müddət ərzində seçilmiş mövzulara uyğun referatlarını təqdim edərək müsabiqədə iştirak hüququ əldə etmişlər. “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin məqsədi gənclərdə Azərbaycanın tarixi, mədəniyyəti və tarixi şəxsiyyətlərinə diqqət və marağı artırmaq, şagirdlərə elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığı aşılamaqdır.
Sonra təqdim olunmuş 30 referat İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən kodlaşdırılaraq təhlil olunması üçün müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvlərinə verilmiş, Komissiya tərəfindən ümumilikdə 5 mövzu üzrə 10 ən yaxşı referat seçilib.