Nəsimi rayonunda “Heydər Əliyev ili” çərçivəsində “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tanınmış jurnalistlərin və ziyalıların iştirakı ilə toplantı keçirilib.
Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Xalq qəzeti ilə birgə Nəsimi rayon İcra Hakimiyyətində “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tanınmış jurnalistlərin və ziyalıların iştirakı ilə toplantı keçirilib.
Toplantıda Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon Təşkilatının sədri Azər Süleymanov, "Xalq qəzeti"nin baş redaktoru, əməkdar jurnalist Əflatun Amaşov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, fəlsəfə doktoru Alqış Musayev, "İki sahil" qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə, "Bakı-Xəbər" qəzetinin baş redaktoru, əməkdar jurnalist Aydın Quliyev rayon ictimaiyyəti və rayon gəncləri iştirak edib.
Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu.
Ümummlli liderin əziz xatirəsi və torpaqlarımzın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Konfransı giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qonaqları salamlamış və bildirmişdir ki, ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşamaqdadır. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması Ulu Öndərimizin əziz xatirəsinə ehtiramın ali nümunəsidir. "Heydər Əliyev İli" çərçivəsində keçirilən hər bir tədbir əbədiyaşar Öndərimizin siyasi fəaliyyətinin hər bir mərhələsinə bir daha nəzər salınması, onun ideyalarının təbliği və gənc nəsillərə ötürülməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. "Heydər Əliyev İli" peşəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Ulu Öndərin müqəddəs mənəvi varlığı və müstəqil dövlətçiliyimiz qarşısında hesabat ili olacaqdır. 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi hər bir jurnalistin də ürəyincə olan siyasi hadisədir. Çünki Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında Heydər Əliyevin əvəzsiz xidmətləri olub
Əməkdar jurnalist - Əflatun Amaşov çıxış edərək bildirdiki, 1969-cu ilin 14 iyulunda Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi mətbuatın inkişafında əsaslı dönüş yaratdı. Məhz Ulu öndərimizin şəxsi səyi nəticəsində dilimizə olan ögey münasibətdə dəyişiklik baş verdi. Ümummilli liderimiz Heydər Əliyev hər zaman ana dilinə böyük qiymət verdiyini nümayiş etdirirdi. 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması, demək olar ki, bütün qaranlıqlara işıq saçdı.
Məhz həmin dövrdə istər ədəbi, istərsə də mətbu sahədə yüksək irəliləyiş nəzərə çarpırdı. Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Ulu öndər Heydər Əliyev Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atdı. Azərbaycanda nəşr olunan çap mətbuatı, demək olar ki, ittifaq miqyasında peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə seçilirdi. Artıq Azərbaycan mətbuatı uzun onilliklərlə qadağan olunan milli adət-ənənələrimizdən, milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən yazmağa başladı, bu məsələlər geniş təhlil olunaraq təbliğ edildi. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə o zaman Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinin əlaçı tələbələri Moskva Dövlət Universitetinə oxumağa göndərildilər. Bu isə Azərbaycan milli jurnalistika məktəbinin formalaşmasında, müasir jurnalistikanın inkişafında mühüm və müstəsna rolunu oynadı. Sovet İttifaqının dağılması ilə müstəqillik əldə edən Azərbaycanın mətbuatının da taleyi keşməkeşli oldu. Həmin dövrlərdə mətbuatın necə böyük çətinliklərlə üzləşdiyi hamıya bəllidir. O baxımdan, müasir, müstəqillik illərindən sonrakı dövrü bir neçə istiqamətə görə qruplaşdırmaq mümkündür.
Əməkdar jurnalist - Aydın Quliyev çıxışında qeyd etdi ki, Heydər Əliyevin milli mətbuatımızın inkişafına xidmət edən növbəti addımı 1999-cu ildə "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanunu təsdiqləməsi oldu. Bu sənədlə ölkəmizdə yeni mətbuat orqanlarının təsis olunması prosesi xeyli asanlaşdırıldı. Mətbuat ölkədə ən sürətlə inkişaf edən, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə günü-gündən təkmilləşən fəaliyyət sahələrindən biridir. Ölkə mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində, o cümlədən, tədris və maarifləndirmə sahəsində mühüm rol oynayır. Dövlət başçısı İlham Əliyev son illərdə mütəmadi olaraq KİV-in inkişafına təkan verən, onun müstəqil fəaliyyəti üçün imkanlar yaradan addımlar atır. 2005 və 2010-cu illərdə Prezidentin sərəncamları ilə milli mətbuatımızın 130 və 135 illik yubileyləri ölkə miqyasında geniş qeyd olunmuşdu. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları fəaliyyət göstərərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində mühüm əhəmiyyət kəsb edirlər.
Fəlsəfə doktoru - Alqış Musayev çıxış edərək bildirdi ki, Bu gün müstəqil Azərbaycan dövləti əsası ümmumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi-demokratik dövlət quruculuğu yolu ilə daha parlaq gələcəyə doğru inamla addımlayır. Azərbaycan mediası bu inkişafın ön sıralarında qərar tutmaqdadır. Əslində başqa cür ola da bilməz. Çünki yaşlı mətbuatın da, elektron medianın da yükü və qayğısı kimi, məsuliyyəti də bu gün həmişə olduğundan qat-qat ağırdır. Heydər Əliyev idarəçilik məktəbinin və siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda mətbuata dövlət qayğısının miqyası daha da genişlənmişdir. İndi Azərbaycanda istənilən şəxs özünə mətbuat orqanı yarada bilər. Bunun üçün yetərincə əlverişli mühit olduğundan qəzet və jurnalların sayı durmadan artır.
Əməkdar jurnalist - Vüqar Rəhimzadə qeyd etdi ki, Heydər Əliyev sovet dönəmində olduğu kimi, müstəqil Azərbaycan dövlətinin Prezidenti olduğu illərdə də mətbuatımızın inkişafı naminə çox böyük işlər görüb. Ölkədə mətbuatla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması, həm yazılı, həm də elektron medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist kadrlarının sosial müdafiəsinin gücləndirilməsi, mətbuatın lisenziyasızlaşdırılmasının və senzuranın ləğvi, qəzet və jurnalların borclarının dondurulması, bir sıra mətbuat orqanlarının dövlətə olan borclarının ləğvi, ayrı-ayrı qəzet və jurnalların çapının dövlət hesabına maliyyələşdirilməsi, bu və ya digər formada qanun pozuntusuna yol vermiş neçə-neçə media mənsubunun cinayət məsuliyyətindən azad olunması - bütün bunlar ulu öndərin Azərbaycan mətbuatına qayğı və diqqətinin bariz nümunəsidir.
Ümummilli lider Heydər Əliyev demokratik dəyərləri, insan hüquq və azadlıqlarını, sosial ədalət prinsipini uca tutan rəhbər kimi kütləvi informasiya vasitələrinin cəmiyyətdəki roluna hər zaman böyük önəm verirdi. Ümummilli Liderin rəhbərliyi altında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə mətbuatın cəmiyyətə təsir imkanlarının böyüklüyü yüksək dəyərləndirilərək, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərə geniş yer verildi. Dahi şəxsiyyət mətbuatın, informasiyanın insanların vahid məqsədə yönəldilməsindəki səfərbəredici rolunu hamıdan yaxşı görürdü. Buna görə də mətbuata və jurnalistlərə xüsusi həssaslıqla yanaşırdı.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.