Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Qadınların güclənməsi bəşəriyyətin güclənməsidir” adlı tədbir keçirilib.

08 mart 2023 | 08:07

Nəsimi rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Qadınların güclənməsi bəşəriyyətin güclənməsidir” adlı tədbir keçirilib. Tədbirdə Millət vəkilləri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınlar və şəhid ailələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  açaraq iştirakçıları gözəl bayram münasibəti ilə təbrik edərək bildirdi ki,  Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli  3623 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın icrası ilə əlaqədar Nəsimi rayonu üzrə Tədbirlər Planı hazırlanmış və il ərzində müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.  Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət qadın siyasətinin həyata keçirilməsi onun imzaladığı fərman və sərəncamlarda, xüsusilə, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyanın ratifikasiya edilməsində və bu Konvensiyaya Əlavə Protokolun imzalanmasında öz əksini tapmışdır. Şübhəsiz ki, Azərbaycan qadınları və ümumiyyətlə dünyanın bütün qadınları üçün “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsı haqqında” Konvensiya  xüsusi əhəmiyyətə malikdir. Bu Konvensiya - qadın hüquqlarının müdafiəsi üzrə əsas beynəlxalq sənəddir. Onun preambulasında deyilir ki, qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi, qadınlar və kişilər arasında bərabərliyin təmin edilməsi BMT-nin əsas prinsiplərindən biridir. Konvensiya qadınların vəziyyətinin yaxşılaşdırılması problemini müasir dövrün ən qlobal problemlərinə aid edir. Bizim bu konvensiyaya qoşulmağımız Ulu Öndərin şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur. Böyük siyasətçi Heydər Əliyevin fərmanı ilə Azərbaycan 1995-ci ildə BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına qoşulmuşdur. Konvensiya ailə vəziyyətindən, siyasi, iqtisadi, sosial, mədəni vəziyyətindən və baxışlarından aslı olmayaraq, kişi və qadınların bərabər hüquqlara malik olmalarını təsbit etmiş və bununla bərabər Konvensiyanın iştirakçısı olan dövlətlər hüquqi, siyasi və proqram xarakterli tədbirlər həyata keçirməklə qadınlara münasibətdə mövcud olan ayrı-seçkilik hallarını aradan qaldırmağı öhdəlik olaraq öz üzərilərinə götürmüşlər. Bu öhdəliklər həyatın bütün sferalarını, o cümlədən nikah, ailə münasibətləri, həmçinin, istənilən şəxs, təşkilat və təsisat tərəfindən qadınlara qarşı hər hansı ayrı-seçkiliyi aradan götürən müvafiq tədbirləri əhatə edir. Konvensiyaya uyğun olaraq qadınların sosial rifahının yaxşılaşdırılması və onların ictimai fəallığının artırılması istiqamətində ölkəmizdə mühüm addımlar atılmışdır. Konvensiyaya hazırda 178-ə yaxın dövlət qoşulmuşdur. Bu fakt bir daha müasir dövrdə qadınların rolunun artırılmasına dünya cəmiyyətinin yüksək əhəmiyyət verməsini təsdiq edir. 2000-ci ilin fevral ayında “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına Əlavə Protokol qüvvəyə minmişdir. Əlavə Protokol qadınlara fərdi və ya qrup şəklində Konvensiyada nəzərdə tutulmuş hüquqların pozulması barədə birbaşa “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi edilməsi üzrə Komitə” yə şikayət etmək hüququ verir. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxartmaq mümkün deyil. O, xalqımız qarşısında nümunəyə çevrilib. Heydər Əliyevin müəyyən etdiyi siyasət nəticəsində ölkəmiz inkişaf yolunda inamla irəliləmiş, mühüm nailiyyətlər əldə etmişdir, bunlardan ən uğurlusu isə yürütdüyü siyasi xəttin oğlu cənab Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə, müvəffəqiyyətlə davam etdirilməsidir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi vaxtdan bugünədək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Onun xarici siyasəti nəticəsində Azərbaycan regionun ən güclü və suveren dövlətinə, eləcə də yüksək beynəlxaq nüfuza malik olan ölkəyə çevrilib. Başqa sözlə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir.  Azərbaycan dövlət olaraq dünyada getdikcə daha möhkəm mövqeyə malik olur, beynəlхalq nüfuzu daha da möhkəmlənir. Bu gün xalqımız Ümummilli Liderin siyasi varisi – yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir. Ölkə başçısının rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdədir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında yaradılan yeni qurum dövlət başçısının ailələrə, qadınlara və uşaqlara olan diqqət və qayğısının aydın təzahürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoymuşdur. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib. Ölkəmizdə qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Onun rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır. Həmçinin, hüquqi bazanın təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün “Gender bərabərliyinin təminatları haqqında” (2006-cı il), “Məişət zorakılığının qarşısının alınması haqqında” (2010-cu il) Azərbaycan Respublikası qanunları qəbul olunmuşdur. Qeyd etmək lazımdır ki, bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verməyə başladı. Eyni zamanda, bir çox stereotiplərin qırılmasına səbəb olmuşdur. Azərbaycan ailəsində qadının yeri və rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qadını yeni nəsli dünyaya gətirmək, onu tərbiyə etmək, vətənə layiq böyütmək kimi çox vacib bir vəzifəni yerinə yetirməklə bərabər, ailənin möhkəmliyi və bütövlüyünün qorunması məsuliyyətini də könüllü surətdə daşıyır. Qadın, həyat yoldaşına hörmət edən, ailə ocağını daim isidən qadındır. Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Bu qadınlar bütün tarixi dövrlərdə ictimai həyatda fəal iştirak edərək, cəmiyyətimizin inkişafına öz töhfələrini vermişlər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər vardır. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hal-hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla yanaşı qadınlar həm də, ictimai-siyasi proseslərdə fəal iştirak edərək cəmiyyətin qurucusuna çevrilirlər. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban xanımın gördüyü işlərin mühüm göstəricisi Heydər Əliyev Fondunun timsalında əks olunub. Heydər Əliyev Fondu Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümumilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrın reallaşmasını və digər mühüm işlərin icrasını təmin edir. Fond Azərbaycan xalqının öz böyük siyasətçisi Heydər Əliyevin xatirəsinə ehtiramını ifadə etmək arzusu və istəyinin nəticəsidir, Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək zərurətidir. Ümummilli Liderin zəngin irsinin daha dərindən və hərtərəfli öyrənilməsi, onun yaratdığı milli dövlətçilik və Azərbaycançılıq ideyaları və ölkə mədəniyyətinin geniş təbliği Heydər Əliyev siyasətinə verilən önəmin göstəricisidir. Biz, bu ailəyə - Ulu Öndər Heydər Əliyevə və Zərifə xanım Əliyevaya minnətdarıq ki, daim Azərbaycan sevgisi ilə yaşayan, Vətənimizin qüruru sayılan övladlar yetişdirmişlər. Yüksək keyfiyyətlərin mövcud olduğu  belə bir ailədə İlham Əliyev kimi övladın böyüyüb boya-başa çatması, tərbiyə alması hər valideynin, ailənin arzusudur. Bu gün cənab Prezident İlham Əliyevin  həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində dövlətimizin dayaqları möhkəmlənir, Azərbaycan daha da çiçəklənib qüdrətli bir ölkəyə çevrilir. Təsadüfi deyil ki, keçirilən növbəti prezident seçkilərində seçicilərin böyük əksəriyyətinin səs çoxluğu ilə qalib gələn İlham Əliyev növbəti illər üçün yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalqımızın Prezidentə olan bu etimadı ölkəmizin inkişafının davamlılığını təmin edir. Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev dövlətimiz qarşısında taleyüklü məsələləri xalqımızın dəstəyi ilə başa çatdıracaq, Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçilik irsini öz quruculuq fəaliyyəti ilə daha da zənginləşdirəcəkdir. Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsildən-nəslə çatdırılmasında daim fədakarlıqlar göstərmiş, xalqımızın hazırkı mədəni simasının müəyyənləşməsində müstəsna rol oynamışdır. Ən dərin fikirləri dolğun ifadə qüdrətinə malik doğma dilimizin əsrlərin sınağından alnıaçıq çıxaraq bu gün də bütün gözəlliyi və zənginliyi ilə yaşamasında onun əməyi misilsizdir. Milliliklə müasirliyin vəhdətini yüksək mənəviyyatının ayrılmaz tərkib hissəsinə çevirən Azərbaycan xanımları yeni tarixi şəraitdə geniş sosial-mədəni fəaliyyətləri sayəsində böyük ictimai nüfuz qazanmış və cəmiyyət həyatına həmişə bir dinamizm qatmışlar. Onlar adlarını uca tutduqları maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirmiş, müsəlman Şərqində qadınlar arasında mədəniyyətin, incəsənətin, təhsilin və elmin bir çox sahələrində ilk addımları atmaqla yenilikçi, qabaqcıl fikirli və tərəqqipərvər olduqlarını əməli surətdə sübuta yetirmişlər. Xüsusi ilə qeyd edirəm ki,  Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçısı kimi müstəqillik illərindəki nailiyyətlərimizin zirvə nöqtəsinə yüksəlməyimiz və parlaq Qələbə sevinci yaşamağımız naminə var qüvvəsini səfərbər etmişdir. Göz açıb azad gördüyü yurdunu ana qədər müqəddəs bilən, milli ideallara sadiq gənc nəsli də o, məhz öz mənəvi gücü, polad iradəsi hesabına yetişdirmiş, tarixin hökmü ilə ədalətin zəfər çalacağına və haqq işimizin qalib gələcəyinə həmin nəslin qəlbində sarsılmaz inam duyğusu aşılamışdır. Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu nəsil 44 günlük Vətən müharibəsində rəşadəti ilə xalqımızın mübarizlik rəmzinə dönərək ümidləri tam doğrultmuşdur. Mən torpaqlarımızın müdafiəsi və işğaldan qurtarılması zamanı canlarından keçmiş igid övladlarımızın xatirəsini bir daha ehtiramla yad edir, şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, xalq üçün layiqli oğullar böyüdən əsgər analarına xoş arzularımı yetirirəm.

 Çıxış edən şəhid Ruslan Cəfərovun anası Alimə Cəfərova bildirdi ki,  bütün şəhidləri öz övladı hesab edir, ona görə də bütün şəhidlərin valideynləri adından, öz adımdan Sizə minnətdarlıq bildirirəm. Qələbəmiz bizim üçün böyük fəxrdir. Şəhidlərin də ruhu şad oldu, torpaqda rahat uyudular.

Digər çıxış edənlər- İctimai Şuranın sədr müavini Sevda Quliyeva, 247 nömrəli tam orta məktəbin direktoru Sitarə Abbasova və digərləri bildirdilər ki,  Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasət nəticəsində ölkəmizin inkişaf yolunda inamla irəliləmiş, mühüm nailiyyətlər əldə etmişdir, bunlardan ən uğurlusu isə yürütdüyü siyasi xəttin oğlu cənab Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə, müvəffəqiyyətlə davam etdirilməsidir.

 Çay süfrəsi ətrafına qonaqlar səmimi söhbət etmişlər.

Tədbirin sonunda Rayon İcra Hakimiyyəti tərəfindən tədbir iştirakçılarına  hədiyyələr  təqdim olunmuşdur.

Keçidlər