Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!”mövzusunda milli məclisin üzvlərinin, ziyalıların iştirakı ilə toplantı keçirilib.

06 aprel 2023 | 10:08

Nəsimi Rayon  İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nəsimi rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!”mövzusunda milli məclisin üzvlərinin, ziyalıların iştirakı ilə toplantı  keçirildi.

Konfransda Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Millət Vəkili, akademik Ziyad Səmədzadə, Azərbaycan Dillər Universitetinin rektoru, professor Kamal Abdulla, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, AMEA-nın Tarix İnstitunun  “Əliyevşünaslıq” şöbəsinin müdiri, professor Ədalət Qasımov, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, rayon ictimaiyyəti, qeyri-hökumət təşkilatlarının rəhbərləri və rayon gəncləri iştirak edib.

Əvvəlcə konfrans iştirakçıları tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinin inzibati binasında Heydər Əliyevin büstü önünə gül dəstələri düzüldü.

Sonra Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu.

Ümummlli liderin əziz xatirəsi və torpaqlarımzın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu  bir dəqiqəlik sükutla yad edildi.

Konfransı giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qonaqları salamlamış və bildirmişdir ki,  bu gün Azərbaycan Respublikası hüquqi-demokratik ölkə kimi gələcəyə doğru uğurla addımlayır. Qazanılan hər bir uğur hər bir soydaşımızda hədsiz qürur doğurmaqla bərabər, başqa bir həqiqəti – Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin şəxsiyyətinin ucalığını və böyüklüyünü də dərindən dərk etmək imkanı yaradır. Bir daha yəqin edirik ki, həqiqi xalq lideri Heydər Əliyevin dühasının, mənalı ömür yolunun hər anı, hər səhifəsi gələcək nəsillər üçün mükəmməl bir nümunədir. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi iki tarixi epoxada – sovet zamanında və müstəqillik dövründə tarixi ənənə və yurd sevgisi təməlləri üzərində milli ideologiyanın formalaşması və ölkəsinin tərəqqisi naminə müstəsna xidmətlər göstərmişdir. Qüdrətli lider olaraq o, milli şüurun düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus adət-ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır. Ulu öndər azərbaycançılığı milli ideologiyaya çevirməklə, vətəndaş həmrəyliyinə və ölkəsinin mənəvi bütövlüyünə nail olmuşdur. Ötən hər il Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bir daha təsdiqləyir.

Tarixi şəxsiyyətlər, bir qayda olaraq, ağır, böhranlı zamanlarda, xalq ölüm-dirim dilemması qarşısında qalanda xalqın yanında olurlar və onun taleyini müəyyən etmək məsuliyyətini öz üzərlərinə götürürlər. Azərbaycan xalqının demokratik, hüquqi dövlətdə yaşamaq ideallarının real və dayanıqlı əsaslar üzərində gerçəkləşməsi Heydər Əliyevin adı ilə bağlıdır. Siyasi-iqtisadi və sosial-mədəni sahələrdə olduğu kimi, qanunvericilik məsələlərində də zamanın nəbzini düzgün tutmağı bacaran Heydər Əliyev Konstitusiyanın müstəqil dövlətin həyatında oynadığı rolu tam ciddiliyi ilə qiymətləndirərək və onun inkişafa doğru yolda, bir növ, kompas olduğunu bilərək diqqəti müstəqil respublikamız üçün həyati əhəmiyyətli bu qanunlar toplusunun yaradılmasına yönəltdi. Müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlandı və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul olundu. Yeni Konstitusiyanın qəbulu prosesində dahi dövlət başçımız təkcə müdrik bir siyasi xadim kimi deyil, həm də humanitar elmlərin bütün sahələrinə dərindən bələd olan şəxs kimi ensiklopedik bilik nümayiş etdirmişdir. 

Ümummilli lider Heydər Əliyev əbədiyyətə qovuşmasına baxmayaraq, onun ideyaları yaşayır və Azərbaycanın işıqlı gələcəyinə xidmət edir. Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətini həmişə uca tutaraq, əbədiyaşar liderimizin Vətən uğrunda həyata keçirdiyi tarixi missiyanı yüksək qiymətləndirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Biz özümüzü xoşbəxt hesab edirik ki, Azərbaycan tarixində son yüzilliklərin ən parlaq qələbə tarixinin və gələcək nəsillərin böyük qürur hissi ilə xatırlayacağı günlərin canlı şahidlərinə çevrildik. Haqq davamızın nəticəsi olan bu qələbə xalqımızı daha da bütövləşdirdi, daha da mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi. 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıdırıq.

“Heydər Əliyev Azərbaycanı davamlı iqtisadi inkişafa aparan strategiyanın banisidir” mövzusunda çıxış edən  Millət Vəkili, akademik Ziyad Səmədzadə bildirdi ki,  Azərbaycanın XX-XI əsr tarixinin 34 ildən çox dövrü Heydər Əliyev  şəxsiyyəti ilə, onun bilavasitə böyük quruculuq fəaliyyəti ilə  sıx bağlıdır.

Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladığı ilk dövrdən iqtisadiyyatda yaranmış ağır vəziyyətin, onu doğuran səbəblərin sistemli təhlilini apardı, ittifaq hökuməti qarşısında respublikanın gələcək iqtisadi həyatı ilə bağlı məsələlər qaldırdı və 2-3 il ərzində Sovet hökumətinin Azərbaycan Respublikasının inkişafına dair xüsusi qərarlar qəbul etməsinə nail oldu, respublika iqtisadiyyatının sürətli inkişafına xidmət edəcək məqsəd və vəzifələr  müəyyənləşdirdi.

Ötən əsrin 70-ci illərin əvvəllərində respublika əhalisinin yarısı kənddə yaşayır, lakin bu mühüm sahənin göstəricilərinin səviyyəsi ciddi narahatlıq doğururdu. İstehsal zəif artır, güzəran isə yaxşılaşmırdı. Heydər Əliyev sovet hökuməti qarşısında aqrar sektorun inkişafı, kənd əhalisinin məşğulluğu, güzəranı baxımından taleyüklü məsələlər qaldırdı və onların həllinə nail oldu.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşdiyi dövrdə xalqın tələbi ilə yenidən böyük siyasətə qayıdan ulu öndər Azərbaycanı ağır fəlakətdən qurtarmaq üçün  milli  mənafelərimizə uyğun inkişaf strategiyası hazırladı.

Qeyd edək ki, müstəsna təşkilatçılıq qabiliyyətinə, zəngin idarəçilik təcrübəsinə, dərin  təfəkkürə və iti analitik duyuma malik olan Heydər  Əliyevin müstəqil Azərbaycanın inkişaf strategiyası barədə baxışları fundamental, konseptual xarakter daşıyaraq Azərbaycan reallığına, onun malik olduğu imkanların sistemli təhlilinə, qloballaşan dünyada gedən proseslərin milli maraqlar baxımından qiymətləndirilməsinə əsaslanırdı.

Məhz Heydər Əliyevin düşünülmüş strategiyasının, zəngin təcrübəsinin nəticəsi olan  və Azərbaycan Respublikasının dünyanın aparıcı şirkətləri ilə 1994-cü il 20 sentyabrda imzaladığı “Əsrin müqavilə”si ölkəmizin tərəqqisinə güclü  təkan verdi, müstəqilliyimizin əsaslarını möhkəmləndirdi, respublikamızın iqtisadi, sosial həyatında müsbət, köklü dəyişikliklər yaratdı.

Sonra Azərbaycan Dillər Universitetinin rektoru, professor Kamal Abdulla çıxış edərək bildirdi ki, Dəyişən dünya düzənində öz yerini tutmaq, beynəlxalq aləmdə yeni münasibətlərə başlamaq müstəqilliyini bərpa etmiş dövlət üçün o qədər də asan proses deyil. XX əsrin sonlarında Sovet İttifaqının dağılması ilə Azərbaycan öz tarixinin mühüm və taleyüklü mərhələsinə qədəm qoymuş oldu. Bu zaman Azərbaycanı sabit və etibarlı dövlət kimi ağır böhrandan çıxarmağa kömək edən şəxsiyyət ümummilli lider Heydər Əliyev oldu. Dünyada gedən mürəkkəb proseslərin mahiyyətini düzgün qiymətləndirməyə və həmin prosesləri milli maraqların tələb etdiyi yola aydın şəkildə yönəltməyə qadir olan siyasi lider elə məhz o idi. Ötən əsrin son illəri bizim üçün çətin, hətta bəzi hallarda ümidsiz reallıqlarla dolu idi. Amma ulu öndərin hakimiyyətə gəlişi təkcə daxildə deyil, xaricdə də bu çətin dövrdə Azərbaycanın nüfuzunu bərpa etdi.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın yeni tarixində yeri, gördüyü işlərin mahiyyəti zaman ötdükcə daha dərindən dərk edilən dövlətçilik salnaməsidir. O, siyasi fəhm və bacarığı, yüksək liderlik keyfiyyətləri və zəngin idarəçilik təcrübəsi ilə Azərbaycanın müstəqilliyinin qorunub möhkəmləndirilməsi, regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdə layiqli yer qazanması üçün tarixi xidmətlər göstərmişdir.

Heydər Əliyev addım-addım, səlis diplomatik gedişlərlə xarici siyasətdəki bütün bu boşluqları doldurdu.

Ulu Öndər Heydər Əliyevin neft sənayesinin inkişafındakı əvəzsiz rolundan danışan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı qeyd etdi ki, “Əsrin müqaviləsi” adı ilə tarixə yazılmış Azərbaycanın ən böyük transmilli neft müqaviləsini dəyərləndirərkən bir neçə aspektdən yanaşmaq lazımdır: Siyasi, geosiyasi və iqtisadi aspektdən. Heç kimə sirr deyil ki, 1990-cı illərin əvvələri Azərbaycanın siyasi həyatı təlatümlər və təbəddülatlar dövrü idi. Azərbaycan parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı. Xalqımız bu təhlükədən onu xilas edəcək lideri - Heydər Əliyevi təkidli tələblərlə Naxçıvandan Bakıya dəvət etmiş və demokratik yolla hakimiyyətə gətirmişdi. Həmin dönəmlərdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi yeni-yeni möhkəmlənməyə başlayırdı. Transmilli korporasiyaların Azərbaycan neftinə marağının güclü olmasına baxmayaraq, ölkə qanunverciliyində sərmayə qoyuluşu üçün hüquqi təminatlar yetərli deyildi. Şübhəsiz, bu məsələlərdə Heydər Əliyevin fenomenal şəxsiyyəti mühüm rol oynadı. Ümummilli lider Heydər Əliyevin şəxsiyyətinə qarşı inam və etimad “Əsrin müqaviləsi”nin bağlanmasında həlledici amilə çevrildi. Belə ki, sovetlər birliyinin idarə edilməsində iştirakı zamanı şəxsi keyfiyyətləri ilə seçilməsi, qətiyyəti, işgüzarlığı, ən əsası isə söylədiyi hər sözünün ağası olması onu ən vacib keyfiyyəti kimi başqalarından fərqləndirmiş və dünya liderləri arasında yüksək nüfuz sahibi olmasına zəmin yaratmışdır. Dünya liderləri arasında yüksək etimada layiq bir şəxsiyyətin Azərbaycanda hakimiyyətə gəlməsi yeni epoxanın əsasını qoydu. Bu epoxanın adı Heydər Əliyev epoxası idi.

Bu siyasətin nəticəsidir ki, Azərbaycan 4-cü sənaye inqilabının regional mərkəzinə çevrilmişdir. Bu isə Azərbaycanın möhkəm iqtisadi və siyasi təməllər üzərində olduğunu, Qafqazın lider dövləti olmaqla, dünyanın qabaqcıl inkişaf etmiş ölkələri arasında ön sıralarda özünə yer tutacağını göstərir. Təsadüfi deyil ki, artıq "ağıllı hökumət", "ağıllı şəhər", "ağıllı kənd", "ağıllı fabrik", "ağıllı avtomobil", "ağıllı telefon" kimi konsepsiyalar həyatımızda daha çox görünməyə başlayıb. Onu da qeyd edim ki, Azərbaycan gənclər ölkəsidir, yeniliyə açıq cəmiyyəti vardır. Hesab edirəm ki, hətta pessimist ekspertlərin proqnozları doğrulsa belə, biz, xalq, millət olaraq postneft dövrünə hazırıq.

Daha sonra Azərbaycan tarixində Ulu öndər Heydər Əliyevin rolu və Heydər Əliev irsinin nəsildən nəslə ötrülməsi mövzusunda çıxış edən  AMEA-nın Tarix İnstitunun  “Əliyevşünaslıq” şöbəsinin müdiri, professor Ədalət Qasımov qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev barədə danışarkən bildirməliyik ki,  Heydər Əliyev həm tarixi şəxsiyyətdir, həm də tarixi yaradan şəxsiyyət! Bu fikri qüvvətləndirən, arqumentlərimizi genişləndirən faktlar isə yetərincədir. Ulu öndər Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, O, Özü bir tarix, salnamə yaratmış, zamanın axarını nizamlamaq qüdrətinə sahib olmuşdur. Bu gün isə Onun fəaliyyətinin, gərgin əməyinin bəhrələrindən təkcə xalqımız yox, bütün region xalqları, böyük İslam dünyası və türk xalqları faydalanır. Elə buna görə də, Ulu öndərimizin adı dünyanın hər yerində Uca tutulur, xatirəsi ehtiramla anılır.

Heydər Əliyevin azərbaycançılıq ideyasının ikinci qanadı milli mənəvi dəyərlərə sadiqlikdir. Ulu öndər milli mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanılmasını, gələcək nəsillərə çatdırılmasını bir vəzifə olaraq qarşıya qoyurdu. Heydər Əliyev öyrədirdi ki, əgər xalq öz müstəqilliyini qorumaq, gələcəyini qurmaq istəyirsə, milli mənəvi dəyərlərinə söykənməlidir. Milli mənəvi dəyərlərinə hörmət etməyən, bir millət olaraq öz varlığını ifadə edə bilməyən xalqın müstəqil dövləti uzunömürlü ola bilməz. Milli dövlət ölkənin ərazi bütövlüyünü, konstitusiya quruluşunu, vətəndaşlarının təhlükəsizliyini, təbii sərvətlərini qoruduğu kimi, milli mənəvi dəyərləri də qorumalı və inkişaf etdirməlidir. Ulu öndər Heydər Əliyev milli mənəvi dəyərlərimizin tərkib hissəsi kimi üç komponenti xüsusi qeyd edir ki, bunların şüurda proyeksiyası milli mentaliteti təşkil edir: dilimiz, dinimiz, adət-ənənəmiz.

Ulu Öndərin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət quruculuğu və iqtisadi inkişaf strategiyası özünün parlaq bəhrəsini verməkdədir.

Sonda gəncləri maraqlandıran  suallar cavablandırıldı və tədbirin sonunda xatirə şəkili çəkildi.

Keçidlər