Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Heydər Əliyev və təhsil” adlı tədbir keçirilib.

29 avqust 2023 | 11:31

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, YAP Nəsimi rayon təşkilatının əməkdaşları, Ağsaqqallar Şurasının, İctimai Şuranın, rayon Bələdiyyəsinin üzvləri, rayonda fəaliyyət göstərən təhsil müəsisələrinin nümayəndələri, 2022/2023-cü tədris  ilində yüksək bal toplamış məzunlar, valideyinləri və rayon ictimaiyyəti  iştirak etmişlər.

Əvvəlcə  şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, sonra “Heydər Əliyev və təhsil” mövzusunda hazırlanmış video-çarx nümayiş olunub.

Heydər Əliyev ili çərçivəsində rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda 2022/2023-cü tədris ilinin yekunları və yeni  təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif  Əsgərov ali məktəblərə qəbul imtahanlarının uğurla başa çatdığını qeyd edərək tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasəti real şəkildə özünün müsbət təzahürünü göstərib. Azərbaycan müstəqillik qazandıqdan sоnra təhsilimizin milli əsaslar üzərində yenidən qurulması, əsl inkişafa qоvuşması da məhz Heydər Əliyev dühası sayəsində gerçəkləşib.

Ümummilli Liderin  siyasətini uğurla davam etdirən Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır. Son illərdə ölkədə yeni məktəb binalarının tikintisi və köhnələrin əsaslı təmiri böyük vüsət almışdır.

 Eyni zamanda, ölkəmizdə təhsil infrastrukturunun yenilənməsinə Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da öz töhfəsini verir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond tərəfindən reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunub və yaxud əsaslı şəkildə yenidən qurulub.

O cümlədən, Nəsimi rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün  hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti daim diqqət mərkəzində saxlanılır. Rayonda  8 ali, 2 orta ixtisas, 24 tam orta məktəb, 4 özəl təhsil müəssisəsi, 4 türk liseyi, 1 xüsusi məktəb, 2 musiqi məktəbi və 33 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

2022/2023-cü tədris ilində rayonun orta məktəblərini 2308 nəfər şagird bitirmişdir. Cari ildə 3399 nəfər şagird birinci sinifə qəbul olunmuşdur. Rayonda 2683 nəfər təhsil işçisi fəaliyyət göstərir.

Qəbul imtahanlarında abituriyentlərdən  68  nəfəri 600-dən, 25 nəfəri isə 650-dən çox bal toplamışdır. 2022/2023-cü təhsil ilinin yekunlarına görə Nəsimi rayonu üzrə 15 məzun qızıl ,11 məzun gümüş nişana layiq görülmüşdür.

Respublika fənn olimpiadasında Nəsimi rayonu üzrə 2022-2023-cü  tədris ilinin yekunlarına görə 7 şagird uğur qazanmışdır . Onlardan 1 nəfəri 247 N-li tam orta məktəbin X sinif şagirdi Coğrafiya fənni üzrə I yer, 1 nəfəri Texniki Humanitar Liseyin XI sinif şagirdi Biologiya fənni üzrə II yer, 2 nəfəri 240 N-li tam orta məktəbin XI sinif şagirdləri Tarix fənni üzrə II yer, Riyaziyyat fənni üzrə III yer, 1 nəfəri 5 N-li tam orta məktəbin X sinif şagirdi İnformatika fənni üzrə III yer, 2 nəfəri Elitar Gimnaziyanın  VIII, IX sinif şagirdləri Coğrafiya və Tarix fənnləri üzrə III yerə layiq görülmüşlər.

Tədbirdə iştirak edən məktəb rəhbərləri, məzunları, şagirdləri, valideyinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya  öz minnətdarlıqlarını bildirdilər.

Daha sonra RİH tərəfindən qəbul imtahanlarında yüksək nəticələr göstərmiş, qızıl və gümüş nişana layiq görülmüş  məzunlara qiymətli hədiyyələr, həmçinin təhsildə fərqlənən və rayon ərazisində yaşayan sosial qayğıya ehiyacı olan ailələrdən  olan 500 nəfərdən artıq şagirdə məktəbli forması təqdim edilmişdir.

Sonda 2 nömrəli və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin müxtəlif musiqi nömrələri tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.

 

Keçidlər