Nəsimi rayonunda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əsrə bərabər ömür” adlı tədbir keçirilib.
Nəsimi rayonu, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əsrə bərabər ömür” adlı tədbirlər silsiləsi çərçivəsində növbəti tədbir keçirilmişdir. Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş “Addımların izi ilə” adlı birpərdəli tamaşa səhnələşdirilmişdir.
Tədbirdə AMEA-nın prezidenti İsa Həbibbəyli, Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva və idarənin əməkdaşları, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi Rayon Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi və məktəb direktorları iştirak etmişlər.
Rejissoru Bəhruz Vaqifoğlu, ssenari müəllifi Pərviz Seyidlinin olduğu səhnə əsərində Kompleksin yuxarı sinif şagirdləri rol almışdır.
Tədbirdə Ulu Öndərin həyat yolu, lider kimi çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Belə ki, geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.