Nəsimi rayonunda İnsan Hüquqları Aylığı çərçivəsində maarifləndirici tədbir dəvam edir.
Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi və təşviqi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır. Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də təsdiq olunmuş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” bu sahədə əsaslı dönüş nöqtəsi olmuşdur. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən isə hər il 18 iyun tarixi Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd olunur.
Məhz bu mühüm tarixə istinadən, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə hər il 18 may – 18 iyun tarixlərini əhatə edən dövr "İnsan Hüquqları Aylığı" elan olunur və bu çərçivədə respublikanın müxtəlif bölgələrində silsilə maarifləndirici tədbirlər keçirilir.
Belə tədbirlərdən biri də Nəsimi rayonunda baş tutmuşdur. Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi və Nəsimi Bələdiyyəsinin təşəbbüsü ilə keçirilən maarifləndirici tədbir “Hüquq Aylığı” çərçivəsində təşkil olunmuşdur. Tədbirdə insan hüquq və azadlıqlarının mahiyyəti, onların qorunması, cəmiyyətin bu sahədə maarifləndirilməsi və hüquqi biliklərin artırılması kimi mühüm mövzularda geniş müzakirələr aparılmışdır.
Çıxış edənlər arasında Nəsimi Bələdiyyəsinin sədr müavini Rahib Hacıyev də olmuşdur. O, öz çıxışında Azərbaycan Konstitusiyası, insan hüquqlarına dair qanunvericilik aktları və dövlətin bu sahədə həyata keçirdiyi uğurlu islahatlara diqqət çəkmişdir. R.Hacıyev xüsusilə vurğulamışdır ki, insan hüquqlarının qorunması yalnız hüquqi mexanizmlərlə deyil, həm də cəmiyyətin bu məsələyə yanaşması, vətəndaşların hüquqi düşüncəsinin inkişafı ilə mümkündür. Bu baxımdan hüquqi maarifləndirmə tədbirləri gənc nəslin formalaşmasında mühüm rol oynayır.
Tədbir çərçivəsində iştirakçılarla müxtəlif interaktiv müzakirələr aparılmış, insan hüquqlarının gündəlik həyatımıza təsiri, hüquqların müdafiəsi yolları və hüquqi məsuliyyət məsələləri ətrafında sual-cavab sessiyası təşkil olunmuşdur.
Nəsimi Rayon İcra Hakimiyyəti və Bələdiyyə orqanları bu kimi tədbirlərin mütəmadi keçirilməsini öz fəaliyyətlərində prioritet hesab edir. Məqsəd insan hüquqlarının qorunması sahəsində cəmiyyətin bütün təbəqələrini – xüsusən də gəncləri daha aktiv və məlumatlı vətəndaşlar kimi formalaşdırmaqdır.
Bu cür tədbirlər bir daha təsdiq edir ki, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması, onların təbliği və müdafiəsi ölkə rəhbərliyinin ardıcıl və məqsədyönlü siyasətinin mühüm tərkib hissəsidir.