Nəsimi rayonunda İnsan hüquqları aylığı çərçivəsində tədbirlər davam edir.
“İnsan hüquqları aylığı” çərçivəsində Nəsimi rayonu S.Poladi adına 159 nömrəli tam orta məktəbdə tədbir keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəb rəhbərliyi, pedaqoji işçilər və şagirdlər iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin insan hüquqlarına dair hazırladıqları rəsm sərgisi ilə tanış oldular.
Tədbirdə iştirakçılara mövzu haqqında ətraflı məlumat verildi, bu sahədəki mövcud qanunvericilik sahəsəsində, dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğıdan bəhs edilmiş və hər bir insanın yaşamaq, azadlıq, vətəndaşlıq, iştirak etmək və s. kimi huquqlarından danışıldı. Daha sonra şagirdlərin hazırladıqları referantlar dinlənilmiş və mövzular ətrafında müzakirələr aparıldı. Bununla yanaşı, tədbir iştirakçıları insan hüquq və azadlıqlarının qorunması, hüququnun yaranma tarixi və bu sahədə mövcud olan beynəlxalq sənədlər, yetkinlik yaşına çatmayan hər bir şəxsin təhsil almaq, bilik və bacarıqlarını inkişaf etdirmək, özünü müdafiə etmək, öz fikirlərini ifadə etmək hüquqları haqqında məlumatlandırıldılar.
“İnsan hüquqları aylığı” çərçivəsində məktəblərdə tədbirlərin keçirilməsinin əsas məqsədi insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini şagirdlər arasında təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə, şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir.