Nəsimi rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tədbir keçirilb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr Zəfər və 12 noyabr Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən öncə ADNSU-nun şəhid məzunlarının xatirəsinə salınmış kompleksin önünə əklil qoyulub, xatirələri dərin ehtiramla yad edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirdə ADNSU-nun ümumi işlər üzrə prorektoru Elnur İsmayılov çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərin əhəmiyyətindən, Azərbaycan xalqının birliyi və ordumuzun qəhrəmanlığından danışıb. Bu tarixi qələbəni qorumaq və gələcək nəsillərə ötürmək üçün xüsusilə gənclərin böyük məsuliyyət daşıdığını deyən Elnur İsmayılov hər bir gəncin üzərinə düşən ən mühüm vəzifənin oxumaq, bilik və bacarıqlarını artırmaq, vətənə layiqli vətəndaş kimi formalaşmaq olduğunu bildirib.
Nəsimi Rayon İcra başçısının birinci müavini Gülarə Verdiyeva çıxışında qələbəmizin Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, həm də dövlətimizin qüdrətini, gücünü və birliyini bütün dünyaya sübut etdiyini deyib. Şəhidlərin Vətən qarşısındakı misilsiz xidmətlərinin daim yaddaşlarda yaşayacağını qeyd edib. Natiq 12 noyabr Konstitusiya günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirdi ki, konstitusiya ilk növbədə, hüquqi iyerarxiyanın ən yüksək pilləsində yerləşən, dövlət həyatının ən mühüm prinsiplərini təsbit edən əsas qanundur. Konstitusiya tənzimlədiyi ictimai münasibətlərin əhəmiyyətlilik dərəcəsinə görə qanunlardan və digər normativ hüquqi aktlardan fərqlənir. Konstitusiya dövlətin əsas institutlarını, vətəndaşların statusunu müəyyən edir, bütün hüquqi fəaliyyətin məzmununa təsir göstərir. Müasir demokratik dövlətdə suverenliyin daşıyıcısı və hakimiyyətin yeganə mənbəyi xalq olduğu üçün konstitusiyalar da xalq tərəfindən, yaxud xalqın adından qəbul edilir. Demokratik hüquqi dövlətdə Konstitusiya nəinki dövlətin, habelə xalqın dövlətçilik iradəsini, ifadə edən əsas qanundur. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi ilə (referendumda) qəbul olunmuş, bununla da ölkəmizdə demokratik, hüquqi dövlətin möhkəm təməli qoyulmuşdur. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulu dövlətçilik tarixində mühüm hadisə olmuş, ölkəmizdə müasir dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün böyük yol açmış, insan hüquq və azadlıqlarının həyata keçirilməsinə zəmin yaratmaqla ölkə həyatının bütün sahələrinin inkişafına təkan vermişdir.
Daha sonra zəfər tarixinə və şəhidlərə həsr olunmuş film və videoçarx nümayiş olunub.
Tədbir bədii hissə ilə davam edib.






