Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Qadınlar üçün bərabərlik hamı üçün inkişafdır” mövzusunda tədbir keçirilib.

22 aprel 2025 | 17:51

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Millət vəkili Məlahət İbrahimqızı, rayonun inzibati orqanlarının məsul əməkdaşları, ümumtəhsil müəssisələrinin pedaqoji işçiləri və rayonda fəaliyyət göstərən monitorinq qrupunun üzvlərinin iştirak edib.

Tədbiri giriş sözü ilə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva açaraq, tədbirin əhəmiyyətindən danışaraq qeyd etdi ki, gender problemi və gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktual problemlər sırasında durur. Bu, ilk növbədə iqtisadi və sosial sahədə gender bərabərsizliyi amilinin insan resurslarının keyfiyyətinin pisləşməsindən irəli gəlir. Belə ki, problemin ciddi xarakter alması sosial-iqtisadi tərəqqiyə mane olur, insan kapitalının inkişafında mövcud sistemin səmərəliliyini aşağı salır və nəhayət, cəmiyyətdə sosial ədalətsizliyin dərinləşməsinə gətirib çıxarır. İnsan cəmiyyətini qadın və kişilər təşkil edir. Cinslər arasında biloji və fizioloji fərqlər məlumdur və dəyişməzdir. Lakin bu o demək deyil ki, kişi və qadının cəmiyyətdə tutduğu yer dəyişməzdir. Qadın hərəkatının tarixi, bu sahədə əldə edilmiş nailiyyətlər qadınların cəmiyyətdə oynadığı rolun dinamik sürətdə dəyişməsindən xəbər verir. Son əsrlərin texnoloji nailiyyətləri qadınların həm məişətdə, həmdə istehsalatda oynadığı rolu dəyişdirib. XX əsrin sonunda “Gender” anlayışı formalaşmışdır ki, bunu da “Sosial Cins” kimi xarakterizə etmək olar. Gender anlayışının əsasında qadın hərərkatı durur. Gender termininin bir çox tərifi məlumdur. Ümumiləşdirilmiş şəkildə gender anlayışı altında qadın və kişilərin cəmiyyətdəki sosial rolu nəzərdə tutulur. Qadın və kişilər arasında sosial bərabərlik gender bərabərliyi kimi qəbul edilir. 

Tədbirdə çıxış edən Millət Vəkili Məlahət İbrahimqızı çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində, o cümlədən qadınların hüquqlarının təmin edilməsində, cinsi ayrı-seçkiliyə son qoyulmasında, məişət zorakılığı ilə mübarizədə böyük nailiyyətlərə imza atıb. Belə ki, ölkəmiz 1992-ci ildə “Qadınların siyasi hüquqları haqqında” Konvensiyaya, 1995-ci ildə isə “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyaya qoşulub. Buna görə də bir çox ölkələr gender bərabərliyinin təmin edilməsi məqsədi daşıyan qanunlar qəbul edib. 2011-ci ilin may ayında gender siyasətinin təhlili və həyata keçirilməsi üçün müvafiq icraedici orqanlar, digər dövlət strukturları və vətəndaşlar arasında əlaqələndirmənin və qanunvericilikdə nəzərdə tutulmuş gender bərabərliyinin təmin edilməsi monitorinqi məqsədilə Milli Məclis Aparatı rəhbərinin xidmətində Gender məsələləri sektoru yaradıldı. Sektor gender bərabərliyi sahəsində Azərbaycan qanunvericiliyinin Aİ-nin gender bərabərliyi üzrə qanunlar toplusu və CEDAW Konvensiyasına uyğunlaşdırılması, bərabər imkanların yaradılması üçün müvafiq dövlət qurumları və sosial tərəfdaşların institusional və inzibati potensialının artırılması, Azərbaycanda gender bərabərliyi sahəsində qanunvericiliyin uyğunlaşdırılması və icra olunmasında Milli Məclisə dəstək məqsədi ilə Tvinninq layihəsini Avropa Birliyinə təqdim edib.  

Tədbirdə Nəsimi rayon Məhkəməsinin hakimi Əfsanə Heydərova, Nəsimi rayon Prokurorunun köməkçisi Xanım Əşrəfova və digər çıxış edənlər  bildirdilər ki, 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında kişi və qadınlara bərabər hüquq və imkanların təmin edilməsi bu istiqamətdə atılmış ən böyük addımlardan biridir. “Qanunvericilik gender bərabərliyi üçün hüquqi bazadır. Qanunlar öz-özlüyündə dövlətin siyasi iradəsinin bir göstəricisi kimi çox vacib rol oynayırlar. Bundan başqa, qanunların mövcudluğu konkret məsələlərə  diqqəti cəlb etməklə yanaşı, digər dəyişikliklər üçün də katalizator rolunu oynaya bilər.

Tədbirdə hər bir müraciət diqqətlə dinlənilib, qaldırılan məsələlər araşdırılması və həlli ilə bağlı aidiyyəti dövlət qurumuna yönləndirilib, onlara qadınların hüquqları, qanunvericiliyin tələbləri izah olunub.

Keçidlər