Nəsimi rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Zəfər və Konstitusiya günü münasibətilə tədbir keçirilib.
Nəsimi rayonu T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə Zəfər və Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, müharibə əlilləri, veteranları, rayonun ümümtəhsil müəssisələrinin rəhbərləri və şagirdlər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Azərbaycanın bötüvlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Nigar Hənifəyeva açaraq tədbirin əhəmiyyətindən danışdı.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti başçının birinci müavini Gülarə Verdiyeva qeyd etdi ki, bu gün Müstəqil ölkəmiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı. Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.
Natiq qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 fevral tarixli 477 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Nəsimi rayonunda da tədbirlər planı hazırlanmış və rayonda silsilə tədbirlər həyata keçirilir. Konstitusiya mövcud dövlətin bütöv hüquq sisteminin özəyi kimi çıxış edən, ölkə vətəndaşlarının maraq dairəsində olan ictimai həyatı və əsas dövlət qurumlarının fəaliyyətini tənzimləyən normativ-hüquqi aktdır. Konstitusiyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisədir. Ümummilli lider Heydər Əliyevin sədrliyilə layihəsi hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbul edilməsi xalqımızın tarixində ən parlaq səhifələrdən biridir. 24 avqust 2002-ci ildə Konstitusiyanın 22 maddəsinə ümumilikdə 31, 2009-cu ilin martın 18-də keçirilən referendumda 29 maddəsinə ümumilikdə 41 əlavə və dəyişiklik, 2016-cı ilin sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyanın 23 maddəsinə əlavə və düzəlişlər, habelə yeni 6 maddə əlavə edilib. Bu gün Azərbaycan Respublikasında həyata keçirilən hüquqi islahatlar ictimai proseslərin və münasibətlərin normal tənzimlənməsi faktı ilə uzlaşır və onu zəruri edir. Bu istiqamətdə yürüdülən siyasət Heydər Əliyev ənənələrinin layiqli davamçısı olan dövlət başçısı İlham Əliyev tərəfindən xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir.
Sonra məktəbin şagirdləri tərəfindən şerlər, mahnılar və kompazisiyalar tədbir iştirakçılarında xoş ovqat yaşatdı.
Sonda xatirə şəkli çəkildi.






