Nəsimi rayonunda Korrupsiyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib.
Nəsimi rayonu 35 nömrəli tam orta məktəbdə rayon İcra Hakimiyyətinin, Nəsimi Bələdiyyəsinin və digər rayon qurumlarının məsul əməkdaşlarının, məktəbin müəllim heyətinin iştirakı ilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələrə dair tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva ölkə başçısı cənab İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin tərkib hissəsi olması, ictimaiyyətin bu işlərə fəal qoşulması, hər bir vətəndaşın neqativ hallara biganə qalmaması barədə proqram xarakterli tapşırıq və tövsiyələri, habelə Milli Fəaliyyət Planından irəli gələn vəzifələrin vacibliyini bildirməklə bu sahədə rayon İcra Hakimiyyətinin, Nəsimi Bələdiyyəsinin və digər rayon qurumlarının, o cümlədən tibb və təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönədilmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə tədbirlər görülməsi qarşısında prioritet istiqamətlərin müəyyən olunmasının zəruriliyini qeyd etmişdir.
Tədbir zamanı dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması və mübarizə tədbirlərinin davamlılığının təmin edilməsinin əhəmiyyətindən bəhs edilib. “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” haqqında məlumat verilib. Antikorrupsiya davranış modelinin yaradılması və antikorrupsiya mədəniyyətinin formalaşdırılması üzrə işçilərin nəzəri biliklərinin artırılmasının vacibliyi vurğulanıb.
Müşavirədə həmçinin vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın həyata keçirilməsi, əhalinin bu işdə aktiv iştirakının təmin edilməsi məqsədilə onların maarifləndirilməsi işinin yeni müstəviyə qaldırılması qərara alınmışdır.