Nəsimi rayonunda kütləvi qırğın silahlarından mühafizə və təhlükəsizlik mövzusunda maarifləndirici tədbir keçirilib
Nəsimi Rayon İcra Hakimiyyətində əhalinin mülki müdafiəyə hazırlıq səviyyəsinin yüksəldilməsi və baş verə biləcək fövqəladə halların qarşısının alınması məqsədilə növbəti maarifləndirici tədbir təşkil olunub.
“Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə əhalinin mühafizəsi, habelə profilaktika və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi” mövzusuna həsr edilən tədbirdə rayon icra hakimiyyətinin məsul şəxsləri, aidiyyəti struktur bölmələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri, rayon İcra Hakimiyyətinin Mülki Müdafiə qərargahının rəisi Vaqif Zeynalov müasir dövrün təhlükəsizlik reallıqlarına diqqət çəkib. O, əhalinin təhlükəsizliyinin etibarlı təmin olunmasında operativ profilaktik tədbirlərin və mülki müdafiə maarifləndirməsinin mühüm rol oynadığını bildirib.
Çıxışda vurğulanıb ki, kütləvi qırğın silahlarının tətbiqi riski yarandıqda onunla müşayiət olunan ikinci dərəcəli fəsadların — texnogen qəzaların, yanğınların, dağıntıların, epidemioloji risklərin və subasmaların minimuma endirilməsi üçün aidiyyəti dövlət qurumları tərəfindən kompleks və planlı tədbirlər həyata keçirilir.
Tədbirdə iştirakçılara fövqəladə vəziyyətlər zamanı zəruri olan praktiki biliklər aşılanıb.
Sonda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb, aidiyyəti struktur bölmələrinə maarifləndirmə və təbliğat işlərinin yerlərdə, idarə və müəssisələrdə davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.






