Nəsimi rayonunda məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və bu sahədə maarifləndirmə işinin aparılması məqsədilə Nəsimi Bələdiyyəsində görüş keçirildi.
Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən olub, xalqımızın əxlaqının və mentalitetinin dərin qatlarına söykənir. Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanmışdır. Cəmiyyətin bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, son illərdə Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi təsirli tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, qadınlara qarşı zorakılıq hələ də mövcuddur.
Müstəqil Azərbaycanda milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək hər cür ayrı‐seçkiliyin qarşısını almağa xidmət göstərir, gender məsələləri ilə bağlı dövlət siyasəti isə qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib. Gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil edir. Ailədaxili zorakılıqdan ən çox zərər çəkənlər uşaqlardır.Ana‐ata arasındakı mənəvi və fiziki basqı altında çox vaxt uşaqlar qalırlar.Valideynlər arasındakı anlaşılmazlıqlardan, davalardan, zorakılıq- dan uşaqların da payına düşür. Ailədaxili zorakılıq zamanı uşağa yönəlmiş istər fiziki, istərsə də mənəvi basqı sərgiləyən hər cür davranış uşağın gələcək həyatında silinməz izlər qoyur.
Nəsimi Bələdiyyəsində “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası, məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və bu sahədə maarifləndirmə işinin aparılması məqsədilə görüş keçirildi.
Görüşdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Gülarə Verdiyeva, Nəsimi rayon İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri və rayon bələdiyyə sədri iştirak ediblər.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Gülarə Verdiyeva çıxış edərək məişət zorakılığının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsinin zəruriliyindən danışdı. O, bu istiqamətdə bələdiyyənin imkanlarından istifadə olunmasının vacibliyini vurğulamış, layihə haqqında məlumat verərək bildirdi ki, məişət zorakılığı ilə mübarizə çərçivəsində risk qrupuna daxil olan ailələrin aşkar edilməsi, onlarla profilaktik iş aparılması və zorakılıq qurbanlarına zəruri psixoloji və hüquqi dəstəyin göstərilməsi məqsədilə pilot layihə olaraq ilk dəfə Nəsimi rayon Bələdiyyəsinin nəzdində Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair Komissiyalar fəaliyyətə başlamışdır. Məişət zorakılığına məruz qalan, həmçinin bənzər hallara şahid olan, lakin aidiyyəti qurumlara vaxtında müraciət etməkdən çəkinən vətəndaşlar yaşadıqları ərazi üzrə bələdiyyənin inzibati binasına yaxınlaşaraq öz şikayətlərini məktub şəklində həmin qutuya daxil edirlər. Daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsində bələdiyyələrin nəzdində yaradılmış komissiyalar Nəsimi Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupu, həmçinin hüquq-mühafizə orqanları ilə birgə iş aparır.
Sonra mövzu ilə bağlı aparılan müzakirələr zamanı monitorinq qruplarının sədrləri baş vermiş məişət zorakılığı halları ilə bağlı monitorinq qruplarına daxil olmuş müraciətlər və bu sahədə görülmüş işlər, o cümlədən ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər barədə məlumat verdilər.
Daha sonra “Məişət zorakılığına məruz qaldığınız və zorakılığın şahidi olduğunuz halda SUSMAYIN.” adlı təbliğat bukletləri işçi qrupuna paylandı.