Nəsimi rayonunda Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyinə həsr olunmuş qızlar arasında voleybol turniri keçirilib.
Nəsimi rayonu 1 nömrəli tam orta məktəbdə Nəsimi Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon məktəbliləri arasında Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyinə həsr olunmuş qızlar arasında voleybol turniri keçirilib.
Orta ümumtəhsil məktəblərinin 8-9-cu sinif şagirdlərinin iştirak etdiyi turnirin keçirilməsində əsas məqsəd Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyinin qeyd edilməsi və voleybol idman növünün məktəblilər arasında daha da inkişaf etdirilməsi olmuşdur.
Olimpiya sistemi üzrə keçirilən turnirdə 19 komanda tərkibində 228 nəfər idmançı iştirak etmişdir.
Gərgin mübarizə şəraitində keçən turnirin final mərhələsində Bakı Türk Anadolu Liseyi ilə Bakı Atatürk Liseyi qarşılaşıb.
Rəqibini 2:0 hesabı ilə məğlub edən Bakı Türk Anadolu Liseyinin komandası turnirin qalibi olub.
Bakı Atatürk Liseyinin və 14 nömrəli tam orta məktəbin komandaları isə müvafiq olaraq II və III yerlərin sahibi olublar.
Qalib komandalar kubok, diplom və medallarla təltif ediliblər. Tədbirin təşkilində göstərdiyi köməkliyə görə bir qrup idman müəlliminə isə təşəkkürnamələr təqdim olunub.