Nəsimi rayonunda Müqəddəs Ramazan bayramı ərəfəsində iftar süfrəsi təşkil olunub.
İslam dünyasının ən şəfqətli və müqəddəs ayı olan Ramazan ayında iftar süfrələrinin təşkili ənənəvi hal almışdır. «NİEL» şadlıq sarayında keçirilən iftar süfrəsində Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, rayon Ağsaqqallar Şurasının rəhbərləri, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri, rayon ərazisində yaşayan Qarabağ müharibə veteranları, əlliləri, şəhid ailələri, 20 Yanvar və Çernobıl əlilləri, aztəminatlı ailələrin üzvləri iştirak etmişdir.
İftar mərasimi rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlamışdır.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH Başçısının müavini Zahid Xəlilov mübarək Ramazan ayı münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək bildirdi ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, mərhəmət və ruzi ayıdır. Natiq çıxışına davam edərək ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın Ulu öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulduğunu və bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini xüsusi vurğulamışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın azərbaycançılıq naminə, milli, mənəvi irsimizin qorunması istiqamətində, ölkə daxilində və xaricində uğurlu fəaliyyəti barədə ətraflı məlumat verilərək, Ümummilli lider, Ulu öndər Heydər Əliyevin adını daşıyan Fond tərəfindən yarandığı vaxtdan bu günə kimi milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm verildiyi qeyd edilmişdir.
Sonra Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandığını, ədalətin bərqərar olduğunu qeyd etdi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramını bildirərək, adları Azərbaycan tarixinə qəhrəman kimi düşən şəhidlərimizin gənclərimiz üçün ən gözəl örnək olduğunu vurğuladı.
Dağ Yəhudiləri dini İcmasının sədri Milix Yevdayev Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmlənməsindən, bir çox məscid və dini ibadət yerlərinin əsaslı təmir olunmasından danışaraq Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunmasının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu vurğuladı.
Tədbirin sonunda rayon rəhbərliyi şəhid ailələrinin üzvləri və qazilərlə görüşərək onları maraqlandıran suallar cavablandırılıb.