Nəsimi rayonunda narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir keçirildi.
Nəsimi rayonunda “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası” üzvlərinin, rayon Polis İdarəsinin, rayon Gənclər və İdman İdarəsinin, rayon ərazisində fəaliyyət göstərən QHT-lərin nümayəndələrinin və 1 saylı tam orta məktəbdə təhsil alan yuxarı sinif şagirdlərinin iştirakı ilə növbəti maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə” üzrə rayon komissiyasının sədri Zahid Xəlilov bildirdi ki, narkomanlıq bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Müasir dövrdə narkomaniya sərhəd tanımayan beynəlxalq problemə çevrilib. Narkomaniya ilə mübarizə ümumbəşəri problem olmaqla cəmiyyətin hər bir üzvünü narahat edən məsələdir.
Çıxışını davam edən natiq bildirdi ki, Ümummilli lider Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Bundan sonra həmin Fərman əsasında 2000-ci ilə qədər olan dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlandı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı. 1999-cu il iyunun 18-də Milli Məclis tərəfindən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" qanun qəbul olundu. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar 2000-2006-cı illər, 2007-2012-ci illər, 2013-2018-ci illəri əhatə edən Dövlət Proqramları icra edilmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası uğurla həyata keçirilir.
Tədbirdə Nəsimi rayon Polis İdarəsinin rəis müavini polis polkovniki Eldar Qazıbəyov, Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi polis mayoru Valeh Əliyev, 1 saylı tam orta məktəbin direktor müavini Oksana Əliyeva çıxış edərək bildirdilər ki, narkomaniya cəmiyyətimizə və bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurur. Həmçinin tədbirdə narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi vurğulanmışdır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.