Nəsimi rayonunda narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.
Nəsimi rayonunda “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası” üzvlərinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, rayon Polis İdarəsinin, rayon Bələdiyyəsinin, rayon Gənclər və İdman İdarəsinin, Respublika QİÇS-lə mübarizə mərkəzinin məsul əməkdaşlarının, rayon ərazisində fəaliyyət göstərən QHT-lərin nümayəndələrinin və rayonun tam orta məktəblərində təhsil alan yuxarı sinif şagirdlərinin iştirakı ilə 9 saylı tam orta məktəbdə növbəti maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə” üzrə rayon komissiyasının sədri Zahid Xəlilov bildirdi ki, narkomanlıq bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Müasir dövrdə narkomaniya sərhəd tanımayan beynəlxalq problemə çevrilib. Narkomaniya ilə mübarizə ümumbəşəri problem olmaqla cəmiyyətin hər bir üzvünü narahat edən məsələdir. Narkomaniyanın miqyasının genişlənməsi dünya dövlətlərini daha sərt addımlar atmağa məcbur edir. Odur ki, BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Bəyannaməsinə əsasən, dünya əhalisi 26 iyun tarixini- Narkomaniya və Narkobiznesə qarşı Ümumdünya Mübarizə Günü kimi qeyd edir. Narkomanlığa və Narkobiznesə qarşı ölkəmizdə də qətiyyətli addımlar atılır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
Çıxışını davam edən natiq bildirdi ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin mərkəzində insan amili dayandığından vətəndaşların sağlamlıqlarının qorunması prioritet istiqamətlərdən biri idi. Odur ki, Ümummilli lider Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Bundan sonra həmin Fərman əsasında 2000-ci ilə qədər olan dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlandı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı. 1999-cu il iyunun 18-də Milli Məclis tərəfindən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" qanun qəbul olundu. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar 2000-2006-cı illər, 2007-2012-ci illər, 2013-2018-ci illəri əhatə edən Dövlət Proqramları icra edilmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası uğurla həyata keçirilir.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov, Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi polis mayoru Valeh Əliyev, “Kərbəlayi Abdulla” məscidi dini icmasının rəhbəri Hacı Ağasəlim Səlimov, Respublika QİÇS-lə mübarizə mərkəzinin həkimi Emiliya Şahbazova, “Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İB-nin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, “Narkotizmlə mübarizə” İB-nin sədri Kənan Qubadzadə və 9 saylı tam orta məktəbin direktoru Zinyət Əhmədova çıxış edərək bildirdilər ki, narkomaniya cəmiyyətimizə və bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurur. Həmçinin tədbirdə narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi vurğulanmışdır.
Tədbirin sonunda iştirakçılara narkomaniyanın fəsadlarını göstərən video çarx nümayiş olunmuş, məktəbliləri maraqlandıran suallar cavablandırılmışdır.